Dondurulmuş meyvələr nə dərəcədə sağlamdır? - EKSPERT AÇIQLADI

27 Noyabr 2025 14:51 (UTC+04:00)

Son zamanlar dondurmalara və dondurularaq qurudulan meyvələrə tələbat artıb. Məhsulların məbləği isə ölçüsündən və çəkisindən asılı olaraq dəyişir. Bəs, bu qidalar nə dərəcədə sağlamdır?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, dondurularaq qurudulmuş meyvələr son zamanlarda dəbdə olsa da, əgər bu keyfiyyətli məhsuldursa, mənşəyi bəlli olan yerdə istehsal olunursa, eləcə də saxlama qaydalarına əməl olunursa və mütləq şəkildə porsiyaya diqqət olunaraq qəbul olunursa, çox faydalıdır:

“Çünki bir çox meyvələr təbii şəkildə dondurularsa, onların qidalanma dəyəri, vitamin və mineralları olduğu kimi qalır. Sadəcə nəmlik dərəcəsi və maye hissəsi azalır, amma vitamin və minerallar qalır. Xüsusilə mövsümi olmayan meyvələri belə saxlamaqla, onları başqa fəsildə də qəbul etmək olar. Təbii şəkərlə və liflərlə zəngin olduqları üçün sağlamlıq baxımından faydalıdır. Lakin porsiya nəzarəti çox önəmlidir. Çünki insanlar yüngül və praktik olduğu üçün bu meyvələri həddən artıq qəbul edirlər. Bu isə əlavə şəkər və kalori qəbuluna, xüsusilə də şəkərli diabet və hipertoniya xəstələri üçün fəsadlara səbəb ola bilər. Tövsiyə olunur ki, bir ovucdan çox olmamaq şərti ilə qəbul edilsin. Böyük paketlərdən çəkilərək satılması zamanı temperatur rejimi pozularsa, məhsul xarab ola bilər. Bundan əlavə etiket oxunmalı, tərkibində konservant, dadlandırıcı, aromatizator kimi əlavələr varsa diqqət edilməlidir. Alergiyası olanlar, azyaşlılar və yaşlılar daha ehtiyatlı olmalıdır. Sanitar-gigiyena qaydalarına riayət olunması vacibdir. Satıcının əl təmizliyi və istifadə olunan alətlərin təmizliyi nəzərə alınmalıdır. Əks halda fiziki çirklənmə səbəbindən həzm sistemində problemlər yarana bilər”.