“İcbari tibbi sığortadan istifadə edənlərin sayı 4,8 milyonu keçib” - Aynurə Əhmədova

27 Noyabr 2025 15:00 (UTC+04:00)

“Cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni ölkə əhalisinin təxminən 50%-i icbari tibbi sığortadan yararlanıb. Bu dövr ərzində göstərilən tibbi xidmətlərin ümumi sayı isə 77 milyonu keçib. Bu rəqəmlər vətəndaşların sistemə olan etimadının artdığını və tibbi xidmətlərə əlçatanlığın yüksəldiyini göstərir". SİA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə deyib.

Departament rəhbəri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə həm müraciətlərin, həm də tibbi xidmətlərin sayında artım qeydə alınıb: “Xidmətlərin sayında 12%, müraciətlərdə isə 4% artım mövcuddur. Eyni zamanda, əməliyyat və tibbi prosedurların ümumi sayında da 5%-lik artım müşahidə olunub. Bu dinamika göstərir ki, tibbi xidmətlərə çıxış daha da yaxşılaşıb".

Aynurə Əhmədova əməliyyatların icra edildiyi tibb müəssisələri barədə də məlumat verib: “Dövlət tibb müəssisələrində ən çox ginekoloji, uroloji və oftalmoloji əməliyyatlar həyata keçirilir. Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası bu sahədə lider müəssisələrdir".

A.Əhmədovanın sözlərinə görə, özəl tibb müəssisələri üzrə göstəricilər ölkədə tibbi xidmətin əlçatanlığı baxımından mühüm əhəmiyyət daşıyır: “Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur. Bu müəssisələrdə göstərilən xidmətlərin sayı ilin ilk 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb. Bu, özəl sektorun icbari tibbi sığorta çərçivəsində xidmətlərin göstərilməsində daha aktiv rol aldığını göstərir".

O əlavə edib ki, özəl tibb müəssisələrində müraciətlər əsasən invaziv radioloji xidmətlər, oftalmoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsi, uroloji və ümumi cərrahiyyə üzrə xidmətləri əhatə edir.

“Bu ilin ilk 8 ayında özəl tibb müəssisələrinə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin əvəzində Agentlik tərəfindən 302 milyon manatdan çox vəsait ödənilib”, – A.Əhmədova qeyd edib.