“Azad iqtisadi zonalar Azərbaycanın gələcək inkişaf modelinin əsas dayağıdır” - ŞƏRH EDİLDİ

27 Noyabr 2025 15:01 (UTC+04:00)

"Azad iqtisadi zonalarla bağlı, təbii ki, dünyanın inkişafı, iqtisadi mənzərəsinin təşkili əsas komponentlərdən, amillərdən biri hesab olunur. Dünyada bu məsələ xüsusilə diqqət mərkəzində saxlanılır. Statistik məlumatlara görə, dünyanın 130 ölkəsində 4000-dən artıq azad iqtisadi zona fəaliyyət göstərir. Çox məşhurları var ki, məsələn, Birləşmiş Ərəb Əmirliklərindəki azad iqtisadi zonalar möcüzə hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, həmçinin Honq Konqda, Sinqapurda, ABŞ-da, Avropanın digər ölkələrində azad iqtisadi zonalar həmin ölkələrin əsas inkişaf perspektivlərini müəyyənləşdirir: "Azərbaycanda da bu ənənə artıq formalaşıb. Son 5-6 ildir ki, Azərbaycanda azad iqtisadi zonası fəaliyyət göstərir və ona yaxın qurumlarla bağlı diskusiyalar gedir ki, bu tipli azad iqtisadi zonalar yaradılıb genişləndirilsin. Azərbaycanın digər bölgələrində də azad iqtisadi zona ilə bağlı planlar mövcuddur. Eyni zamanda, “sənaye parkları” deyilən müəssisələrin yaradılması istiqamətində işlər aparılır. Biz işğaldan azad olunmuş ərazilərə səfər edərkən gördük ki, həmin rayonların əksəriyyətində sənaye parkları yaradılır. Bu parklar geniş əraziləri əhatə edir, müxtəlif sahələr üzrə istehsal müəssisələri fəaliyyət göstərir. Bu sənaye parkları azad iqtisadi zonaların bir növ təməlini təşkil edir və onların bazasında real, geniş azad iqtisadi zonaların yaradılması nəzərdə tutulur.

Azad iqtisadi zonaların yaradılmasının bir çox üstünlükləri var. Mənim üçün xüsusilə cəlbedici olan iki məqam var:

1. Azərbaycan iqtisadiyyatına verdiyi fayda - məsələn, Azad İqtisadi Zonalarının ərazisi genişləndirilir. Əvvəllər bu zona 6500 hektarı əhatə edirdisə, indi yeni ərazilərin verilməsi onu göstərir ki, bu model özünü doğruldur. Əsas flaqman isə Ələt Azad İqtisadi Zonasıdır. Digərləri hələ ideya və ya ilkin mərhələdədir. Ələt zonasında artıq konkret nəticələr müşahidə olunur.

2. Xarici investisiyaların cəlbi - Azərbaycanda istehsal sahələrinin yaradılması üçün sərfəli şərtlərlə xarici investisiyalar vacibdir. Ələt Azad İqtisadi Zonasında bu, müəyyən imtiyazlarla həyata keçirilir. Bu, həm də qeyri-neft sektorunun inkişafı üçün vacibdir.

Digər bir istiqamət isə yeni iş yerlərinin yaradılmasıdır. Bu da ölkə üçün olduqca aktualdır. Azərbaycan üçün ən vacib məsələlərdən biri də ticarət və nəqliyyat qovşağına çevrilməkdir. Azad iqtisadi zonalar bu rolu oynamaq potensialına malikdir. Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin açılması məsələsi də bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi ilə bağlı işlər aparılır və bu, yaxın bir neçə il ərzində tamamlanacaq. Bu dəhlizlərin səmərəli və intensiv fəaliyyəti üçün Ələt və digər azad iqtisadi zonaların yaradılması mühüm rol oynayacaq. Yəni, bu zonalar iqtisadiyyatımız üçün həyati əhəmiyyət kəsb edir. Onların ərazilərinin genişləndirilməsi, imkanlarının artırılması və səmərəli istifadəsi Azərbaycan iqtisadi siyasətinin əsasını təşkil edir. Neftdən gələn gəlirlərə arxayın olmaq olmaz. Azərbaycanın gələcəyi məhz bu azad iqtisadi zonaların düzgün təşkili və idarə olunmasından asılıdır. Bu istiqamətdə aparılan işlər isə çox ümidvericidir və getdikcə genişlənir".