Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr sevinclə açarları təhvil alaraq, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 38 ailə olmaqla 139 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 132 ailə olmaqla, 541 nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.