"Türk dövlətlərini bir-birinə mümkün qədər yaxınlaşdırmaq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan haqlı olaraq hesab edir ki, Türk dövlətləri arasında əməkdaşlıq XXI əsrin ən perspektivli inteqrasiya modellərindən biridir. Bu baxımdan Azərbaycan düzgün siyasət yürüdür və Türkiyə ön sırada olmaqla, Mərkəzi Asiyanın türk dövlətləri ilə əlaqələrin inkişafı üçün mümkün olan bütün addımları atır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu əməkdaşlığın müxtəlif formaları artıq həyata keçirilməkdədir:
"Ən vacib istiqamətlərdən biri isə Azərbaycan və Türkiyə beyin mərkəzlərinin yaxın əməkdaşlığıdır. Hər iki ölkənin beyin mərkəzləri dövlət siyasətlərinin formalaşmasında mühüm rol oynayır. Onlar ortaq hədəflərin müəyyənləşdirilməsinə, gələcək fəaliyyətin daha səmərəli şəkildə əlaqələndirilməsinə və iki ölkə arasındakı münasibətlərin inkişafının ən optimal üsullarının araşdırılmasına ciddi töhfə verirlər. Şuşada keçirilən Azərbaycan–Türkiyə beyin mərkəzlərinin son görüşünə də bu kontekstdə yanaşmaq lazımdır. Bu görüş iki ölkə münasibətlərinin yüksələn dinamika ilə inkişaf etdiyini göstərən əlamətlərdən biridir və onu təsdiqləyir ki, hər iki ölkə qarşılıqlı münasibətlərin möhkəmlənməsinə prioritet məsələ kimi baxır. Beyin mərkəzləri arasında əməkdaşlıq həm də Şuşa Bəyannaməsində nəzərdə tutulmuş əsas fəaliyyət istiqamətlərindən birinin davamıdır.
Şuşa Bəyannaməsi bütün sahələr üzrə əməkdaşlığın yeni formalarının tətbiqini qarşıya vəzifə kimi qoyur. Bu mənada beyin mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi də müasir şəraitdə iki dövlət arasında münasibətlər üçün mühüm və effektiv format kimi qiymətləndirilə bilər. Beyin mərkəzlərinin birgə görüşlərində Azərbaycan və Türkiyənin inkişaf potensialları təhlil olunur, ötən dövrün təcrübəsi qiymətləndirilir, həm regional, həm də qlobal problemlərin həllində iki ölkənin oynaya biləcəyi birgə rollar araşdırılır. Müasir dünya siyasəti və beynəlxalq münasibətlərin əsas məsələlərinə dair ortaq baxış formalaşdırılır, iki ölkənin müttəfiqliyinin strateji əhəmiyyəti bir daha əsaslandırılır. Beləliklə, Azərbaycan–Türkiyə əməkdaşlığının təkcə iki ölkə üçün deyil, həm də region və dünya üçün dəyişdirici gücə malik olması analitik şəkildə dəyərləndirilir.
Buna görə də Azərbaycan və Türkiyə beyin mərkəzlərinin görüşünə yalnız nəzəri xarakterli fikir mübadiləsi kimi baxmaq doğru deyil. Bu görüşlər həm də analitik nəticələrin praktiki siyasətə yönləndirilməsi baxımından mühüm mərhələdir. Beyin mərkəzləri arasında ünsiyyət daha da dərinləşdirilməli, əldə olunan qənaətlərin beynəlxalq ictimaiyyətlə paylaşılması təmin edilməlidir. Bu məqsədlə Azərbaycan və Türkiyə beyin mərkəzlərinin görüşlərinə müxtəlif regional və dünya səviyyəli düşüncə qurumlarının nümayəndələrinin də zaman-zaman qatılması faydalı olacaq".