Vergi endirimi kirayə qiymətlərini birbaşa aşağı sala bilərmi? - İQTİSADÇI AÇIQLADI

27 Noyabr 2025 12:47 (UTC+04:00)

Fiziki şəxslərə kirayə verilən yaşayış sahələri üzrə vergi dərəcəsi optimallaşdırılır. Belə ki, vergi dərəcəsi 14%-dən 10%-ə endirilir ki, bu da ümumi vergi yükünün təxminən 30% azalması deməkdir. Maraqlıdır, bunun kirayə bazarına təsiri necə olacaq? Qiymətlər enəcəkmi? Bu vergi endirimi kirayə qiymətlərini birbaşa aşağı sala bilərmi? Vergi faizinin daha da azaldılması niyə vacibdir? Əgər vətəndaşlar vergini ödəməyə başlasa, kirayə qiymətlərində artım gözlənilirmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, kirayə üzrə gəlir vergisinin endirilməsi təbii ki, müsbət haldır:

"Çünki bu vergidən yayınmanın qarşısının alınması məqsədini daşıyır. Gəlir vergisinin 14%-dən 10%-ə endirilməsinidə məqsəd həm bu sahənin ağardılmasına səbəb olmaq, həm də dövlətin büdcədsinə həmin mənbədən vəsaitin daxil olmasına nail olmaqdır. Bu istiqamətdə şəffaflıq lazmdır. Kirayə üzrə gəlir vergisinin daha da azaldılmasını təklif edirik. Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də bu mövzu müzakirə edilib və biz kirayə vergisinin 14%dən 10%ə yox 5%-ə endirilməsini təklif edirik. Düşünürəm ki, bu istiqamətdə müzakirələr aparılacaq.

Beynəlxalq təcrübə də göstərir ki, kirayə sektorunda vergi dərəcələrinin aşağı olması, əksinə, dövlətin bu sahədən daha çox gəlir əldə etməsinə gətirib çıxarır. Çünki aşağı vergi yükü insanlar arasında müqavilə bağlamağa marağı artırır, müqavilələrin sayı yüksəlir və nəticədə dövlət büdcəsinə daxilolmalar artmış olur. Bu, həm iqtisadi aktivliyi stimullaşdırır, həm də vergi bazasının genişlənməsinə səbəb olur. Kirayə üzrə gəlir vergisi dərəcələrinin tənzimlənməsi və azaldılması doğru istiqamətdə atılmış mühüm addımdır. Bu, həm sahibkarların və vətəndaşların maraqlarına uyğundur, həm də dövlətin fiskal siyasətinin şəffaflıq və iqtisadi dinamizmini artırmağa yönəldiyini göstərir. Kirayə sektorunun daha səmərəli şəkildə tənzimlənməsi həm bazarın özünü, həm də ümumi iqtisadi mühiti daha sağlam və dayanıqlı hala gətirəcək".