Professor: Xəzər dənizinin səviyyəsi 250 il qalxır, 250 il isə enir

26 Noyabr 2025 19:18 (UTC+04:00)

Xəzər dənizinin səviyyəsi hər zaman dəyişir, ona görə də Bayıl qalasının görünməsi təsadüfi deyil. Həmin qala 1234-1235-ci illərdə tikilib. O zamanlar Xəzərin səviyyəsi hazırkı dövrdən təxminən üç metr aşağı olub. Bu, təbii prosesdir. Yəni, Xəzər dənizinin səviyyəsi həm enir, həm də qalxır. Xəzərətrafı ərazilərdə bu, həmişə müşahidə olunub.

SİA-nın məlumatına görə, bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev deyib.

Professorun sözlərinə görə, son 200 ildə Xəzərin səviyyəsi 1805-ci ildə ən yüksək olub. Həmin vaxt səviyyə mənfi 22-23 metr təşkil edib. Dörd minillik müşahidələr onu göstərir ki, Xəzər dənizinin səviyyəsində periodiklik var. Yəni, 250 il qalxır, 250 il enir. Onun dəyişmə intervalı son üç ildə 4 metrdir, yəni, səviyyə Baltik dənizi səviyyəsindən maksimum 25 metr aşağıda idisə, hazırda səviyyə mənfi 29 metrdir.

Xəzərin səviyyəsinin enmə sürətinin azaldığını qeyd edən Ə.Əliyev bildirib: “Biz Xəzərin səviyyəsinin bundan sonra da 1-2 metr enə biləcəyini gözləyirik. Bu proses əsrin ortalarına qədər, yəni, 2040-2050-ci illər arasında baş verəcək. Bundan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq. Bu, təbii proses olsa da, son 200 ildə antropogen amillərin təsiri də artıb. Antropogen faktorlar əsasən Volqa çayının suyundan həddən ziyadə istifadə ilə bağlıdır. Xəzər dənizinin su balansının 80 faizini Volqa çayı gətirir. Məxaricini isə buxarlanma təşkil edir. Son 20-30 ildə planetdə baş verən istiləşmə dənizin suyunun temperaturunu artırır ki, bu da Xəzərdə buxarlanmanı qaldırır. Həmçinin Xəzərə tökülən çayların suyu da azalıb. Həmin proses nəticəsində Xəzərin səviyyəsi son üç ildə il ərzində 15-17 santimetr enib. Bu prosesin əsrin ortalarına qədər davam etməsi və sonra səviyyənin yenidən qalxması gözlənilir. Xəzər dənizinin əsas xüsusiyyəti onun səviyyəsinin daim dəyişməsidir. Səviyyə əvvəllər də dəyişib, indi də dəyişir, gələcəkdə də dəyişəcək. Belə davam edərsə, təkcə Bayıl qalası deyil, başqa qalalar, abidələr də üzə çıxa bilər. Prosesin 1-2 metr də enməsini gözləməliyik. Odur ki, Xəzərin səviyyə dəyişməsini nəzərə almaqla onun ərazisinə çox yaxınlaşmaq olmaz. Lakin onun səviyyə dəyişmələrinə adaptasiya olmaq lazımdır”.