Horovluda sakinlərlə birlikdə ağacəkmə aksiyası olub

26 Noyabr 2025 18:08 (UTC+04:00)

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində ağacəkmə aksiyası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, aksiyadan əvvəl kənd ərazisində yerləşən parkda sakinlərlə görüş keçirilib. Horovluda görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, kənddə birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz və yüksəksürətli internetlə təmin olunub. Həmçinin Günəş panelləri quraşdırılıb. Kənddaxili yollara asfalt döşənib. Artıq kənddə 94 ailə olmaqla, 402 nəfərin məskunlaşdığı və köç prosesinin davam etdiyi bildirilib.

Görüş zamanı sakinləri maraqlandıran suallar cavablandırılıb.

Sonra park ərazisində ağacəkmə aksiyası keçirilib. Sakinlər də aksiyada iştirak ediblər. Kəndin park ərazisində keçirilən aksiya çərçivəsində 70 ədəd Oleandr, 50 ədəd zeytun, 450 ədəd Şərq çinarı, 100 ədəd Yapon əzgili, 50 ədəd gavalı, 200 ədəd Eldar şamı, 250 ədəd Piramidal sərv olmaqla, ümumilikdə 1170 ağac əkilib.

Daha sonra Cəbrayıl şəhərindəki Dostluq bulağına baxış olub. Məlumat verilib ki, bulaq kompleksi hələ 1980-ci illərin əvvəllərində inşa olunub və birlik rəmzi mənasını bildirib. Kompleksin suyu 3 kilometr kənarda olan Hüseyn Ağa kəhrizindən çəkilib və bulaq kompleksi hər zaman gur sululuğu ilə seçilib. Lakin işğal zamanı sözügedən bulaq kompleksi də dağıntıya məruz qalıb, üzərində olan əl işləmələri sıradan çıxıb.

Tədbirlərin sonunda Cəbrayıl şəhərində gəzinti təşkil edilib.