Banklar faizləri niyə azaltmaq istəmir? - İQTİSADÇI AÇIQLADI

26 Noyabr 2025 17:17 (UTC+04:00)

Son günlər kredit götürən vətəndaşlar arasında faiz dərəcələrinin azaldılıb-azaldılmayacağı ilə bağlı suallar artıb. Bankların mövcud şərtləri və ölkədəki iqtisadi vəziyyət bu mövzunu daha da aktuallaşdırır. Faizlərin endirilməsi təkcə müştərinin istəyi ilə mümkün deyil. Bəs, faizlərin aşağı salınması üçün hansı şərtlər tələb olunur? Banklar faizləri niyə azaltmaq istəmir? Müştəri faizlərin endirilməsi üçün banka hansı əsaslandırılmış təkliflə müraciət edə bilər?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, kredit götürənlərlə banklar arasında adətən borc müqaviləsi bağlanılır:

"Həmin dövr ərzində bütün fəaliyyətlər, bütün ödəmələr həmin müqavilə əsasında tənzimlənir. Bütün ödənişlər orada qeyd olunmuş qrafik üzrə həyata keçirilir. Azərbaycanda bank faizləri bir çox digər ölkələrlə müqayisədə daha yüksəkdir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Birincisi, bu, iqtisadi faktorlarla bağlıdır. Belə ki, bankların əksəriyyətinin öz vəsaiti olmur – ya depozitləri dövriyyəyə buraxırlar, ya da Mərkəzi Bankdan və ya digər maliyyə alətlərindən əldə etdikləri vəsaitləri kredit şəklində təqdim edirlər. Depozit faizləri yüksək olduğu halda, banklar da məcburən kredit faizlərini yüksək təyin edirlər. Ən əsas səbəblərdən biri də insanların ödəmə qabiliyyətidir. Son illərdə insanların ödəmə qabiliyyəti nisbətən azalıb. Problemli kreditlərin sayının artması da bu məsələ ilə bağlıdır. Kredit verilməzdən əvvəl risklər qiymətləndirilir. Yəni, müştəri həmin krediti vaxtında ödəyə biləcəkmi – bu analiz edilir. Risklər yüksəkdirsə, faiz dərəcəsi də yüksək təyin edilir ki, bank əvvəlcədən özünü sığortalaya bilsin. Bu və digər səbəblərdən, yəni iqtisadi və bank sektorundakı davamlı çətinliklər üzündən banklar kredit faizlərini aşağı salmaqda maraqlı olmurlar. Bundan əlavə, bu sektor rəqabətli bir sahədir. Hansısa bir bank faizləri aşağı salarsa, bu, digər banklarla rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.

Nəzəri olaraq kredit faizlərinin aşağı salınması mümkündür, amma praktikada bu çox nadir hallarda baş verir. Əgər müştəri öz ödəmə qabiliyyətini, ödəniş tarixçəsini, sabit gəlirlərini sübut edə bilirsə və banka əsaslandırılmış şəkildə müraciət edirsə, bəli, faizlərin endirilməsi nəzəri cəhətdən mümkündür. Amma bu, bankın verəcəyi qərardan asılıdır. Açığını deyim ki, banklar bu məsələdə çox da maraqlı olmurlar".