"Bu layihə baş tutarsa vətəndaşların xərclərinə də müsbət təsir göstərəcək" - ŞƏRH EDİLDİ

26 Noyabr 2025 16:33 (UTC+04:00)

Dünya üzrə iqlim dəyişikliyi ilə mübarizə və karbon qazı emissiyalarının azaldılması prioritet məsələdir. Enerji sektorunda təbii qaz kimi fosil yanacaqlardan istifadə, ətraf mühitə və iqlimə mənfi təsir göstərir. Eyni zamanda, texnologiyanın sürətli inkişafı elektrik enerjisi ilə işləyən avadanlıqların daha səmərəli və ekoloji cəhətdən təmiz alternativlər təqdim etməsinə imkan yaradır. 2035-ci ilə qədər mövcud təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz edilməsinə dair layihə planlaşdırılır.

Mövzu ilə əlaqədar deputat Naqif Həmzəyev SİA-ya açıqlamasında bildirib ki, 2022-ci il məlumatlarına görə, yaşayış sektoru 4 milyard kubmetr, kommersiya və sənaye sektoru isə 0,5 milyard kubmetr təbii qaz istehlak edib.

Onun sözlərinə görə, bu, ümumilikdə təxminən 10 milyon ton CO2 ekvivalenti tullantıya səbəb olub və binaları, ölkədə tullantıların 14 faizi ilə ikinci ən böyük mənbəyə çevirib:

"Elektrikə keçid, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə, bu rəqəmi əhəmiyyətli dərəcədə azaldacaq. Bu, Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün kritik addımdır. İstilik nasoslarının ən böyük üstünlüyü onların yüksək enerji səmərəliliyidir. Qaz qazanları istehlak etdikləri enerjinin böyük hissəsini itirdiyi halda, istilik nasosları eyni istilik miqdarını təmin etmək üçün üç dəfə az enerji sərf edir. Bu prinsipal fərq uzunmüddətli perspektivdə böyük qənaəti təmin edir. Azərbaycan qaz istehsalçısı olsa da, elektrikə keçid ölkəyə öz bərpa olunan enerji potensialından, günəş və külək enerjisindən istifadə etmək imkanı verir. Bu, enerji müstəqilliyini artırır və beynəlxalq qaz bazarındakı dalğalanmalardan asılılığı azaldır. Qaz yandırılması zamanı atmosferə karbon dioksidlə yanaşı, azot oksidləri və digər zərərli maddələr də buraxılır. Elektrik enerjisindən istifadə, xüsusilə yaşayış məntəqələrində, hava keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bu hələlik, sadəcə, layihədir, baş tutarsa vətəndaşların xərclərinə də müsbət təsir göstərəcək".