Elektron Prokurorluq İnformasiya Sistemi beynəlxalq mükafata layiq görülüb - Baş Prokurorluq

26 Noyabr 2025 16:15 (UTC+04:00)

Noyabrın 24-25-də Niderland Krallığının Haaqa şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) 24-cü illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib.Tədbirdə EPAC/EACN-ə tərəfdaş olan 100-dən çox korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların 180-dən artıq nümayəndəsi iştirak edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransda ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev və Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Elşən Orucov təmsil edib.

Tədbirdə çıxış edən nümayəndələrimiz ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.

Eyni zamanda, qeyd edilib ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” rəqabətqabiliyyətli süni intellekt ekosisteminin yaradılması, süni intellekt həllərinin dövlət qurumlarının fəaliyyətində tətbiq edilməsi, milli məlumat infrastrukturunun genişləndirilməsi və bu sahədə analitik imkanların gücləndirilməsi kimi istiqamətləri özündə əks etdirir.

Bundan əlavə, nümayəndələrimiz EPAC/EACN tərəfindən təqdim olunan “Ən yaxşı antikorrupsiya təşəbbüsü” layihəsində iştirak etmiş və təqdim olunan “Elektron Prokurorluq İnformasiya Sistemi”nin (EPİS) fəaliyyəti yüksək innovasiya kimi qiymətləndirilərək beynəlxalq sertifikata layiq görülüb.

Tədbirin sonunda Qurumun Baş Assambleyasının iclası çərçivəsində yeni 3 qurum təşkilatın üzvlüyünə qəbul edilib, Litvanın Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas EPAC/EACN-in sədri seçilib və təşkilatın növbəti illik konfransının Monteneqroda keçirilməsi qərara alınıb.