Ölkəmizdə ailələr pulsuz uşaq qidaları ilə təmin oluna bilərmi? - SOSİOLOQDAN AÇIQLAMA

26 Noyabr 2025 17:21 (UTC+04:00)

“Dünya ölkələrində belə bir təcrübə varki, hökümətlər ailələri yeni doğulan uşağın 2-3 yaşına kimi uşaq qidası ilə təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib.

Onun sözlərinə görə, Rusiyada Koronavirus pandemiyası dövründə ailələrin sağlamlığının qorunması məqsədi ilə hökümət işçiləri uşaq qidasını mənzillərin qarşısına qoyub gedirlərmiş: “Birinci növbədə onu qeyd edim ki, ölkəmizdə uşaq qidalarından daha çox istifadə olunur. Çünki analar öz övladlarına süd vermək istəmirlər. Yəni biz bir ailəyə köməklik etmək istəyiriksə, dövlətin ailələri uşaq qidaları ilə təmin etmək məsələsindən daha çox, analara ana südünün faydaları ilə bağlı maarifləndirmə işləri aparması daha səmərəli olar. Nəyə görə övladına ana südü verən valideynlərin sayı günü-gündən azalır? Sosial şəbəkələr analar arasında yanlış təbliğat aparır. Sosial şəbəkələrdə qadınlar və gənclər qrupları var, eyni zamanda qadınların öz rəfiqələri var.

Onların verdiyi yanlış informasiyaya görə, guya ana övladına süd verərsə, fiqurası pozulur və əvvəlki fiqurasına geri qayıda bilmir. Bütün bunlar boş söhbətlərdir. Onsuzda uşaq dünyaya gəlikdə, onun ruzisi Allah tərəfindən verilir. Uşaq ana südü ilə qidalanma dövrünü keçdikdən sonra süd vəziləri yenidən əvvəlki formasına qayıdır. Bundan başqa qadın süd verdiyi dönəmdə artıq çəki almır. Eyni zamanda süd verən analarda süd vəzi xərçəngi yaranmır. Ölkəmizdə uşaq pulu hələlik verilmir. Çünki müharibə dövrü keçdik və hərbiyə çox böyük vəsait ayrıldı. Həmçinin Qarabağda aparılan quruculuq işləri və s. işlər sosial sahəyə yönəlmiş diqqəti bir qədər azaltdı. Ancaq mən düşünürəm ki, yaxın gələcəkdə uşaq pulu məsələsinə baxılacaq. Hazırda üç uşaqdan artıq uşağı olan ailələr uşaq pulu ilə təmin olunur. Lakin artıq üçdən artıq uşağı olan ailələrin sayı azaldığı üçün qanun yenilənib uşaq sayı maksimum üç olmalıdır. Yəni üç uşağı olan ailələrə uşaq pulu verilməlidir. Hər bir dövlət yeni doğulan uşağa görə vəsait ayırmalıdır. Yəni bu dövlətin vəzifəsidir.

Dünya praktikasında uşaq dünyaya gələndə həmin uşağın adına hesab açılır. Həmin hesabdakı məbləğ uşağın gələcəyinə sərf olunur. Mən ümid edirəm ki, bu praktika ölkəmizdə də tətbiq olunacaq. Uşaq qidaları ailələri təmin etmək olar. İlkin mərhələdə az təminatlı ailələrdən başlamaq olar. Elə aztəminatlı ailələr varki, ailədə bir tək kişi və ya qadın işləyir. Üstəgəl kirayədə qalırlar. Düşünün ki, həmin ailədə azyaşlı uşaq uşaq qidası ilə qidalanır və digər böyük uşaqlar isə bağçaya, məktəbə gedirlər. Bu cür ailələrə kömək etmək üçün pulsuz uşaq qidası ilə təmin etmək olar. Dövlət qurumları təkliflər irəli sürmək qabiliyyətində deyillər. Bütün qurumlar prezidentin sərəncamını, fərmanını gözləyirlər. Lakin dövlət başçısına kömək etmək lazımdır. Dövlət başçısı öz çıxışlarında da bildirirdi ki, dövlət qurumları özləri yeni təşəbbüslər irəli sürməlidirlər. Hesab edirəm ki, bu sahədə də islahatlar aparılmalıdır. Hesab edirəm ki, dövlət qurumlarında köhnə işçilər gənc kadrlarlarla əvəz olunmalıdır”.

Müəllif: İlkin Məmmədkərimov