"Tərəflər arasında etimad addımları atılır" - MÖVQE

26 Noyabr 2025 15:59 (UTC+04:00)

"Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələrinin Bakıya səfərindən öncə bilirik ki, Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri İrəvana səfər etmişdilər. Bir neçə gün əvvəl isə erməni nümayəndələr Bakıya gəldilər. Burada əsas məqsəd nədir? Heç kimə sirr deyil ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb, Azərbaycan xalqına, cəmiyyətinə, iqtisadiyyatına və təbiətinə böyük zülmlər göstərib, bütün sahələrdə soyqırım siyasəti həyata keçirib. Azərbaycanın minlərlə şəhidi və qazisi var". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu səbəbdən Ermənistan və Azərbaycan cəmiyyətləri arasında ilk mərhələdə müəyyən etimadın yaradılması vacibdir. Bu etimadın formalaşmasında vətəndaş cəmiyyəti əsas rol oynayır və bu məqsədəuyğun sayılır.

Təbii ki, Azərbaycanın Ermənistandan çəkdiyi zülmləri unutmaq çətindir. Amma əgər Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa gedirsə və bu istiqamətdə perspektivlər varsa, qonşu dövlət olaraq xalqlar arasında da müəyyən formada etimad mühiti yaradılmalıdır. Azərbaycan–Ermənistan münasibətlərində ictimai əlaqələrin qurulması vacibdir və bu, cəmiyyətlərarası dialoq vasitəsilə həyata keçirilə bilər.

Müasir dünyada da bu tip yanaşmalara üstünlük verilir. Belə səfərlərin məqsədi hər iki tərəfdə ictimaiyyətin rəylərini öyrənmək və bu rəyləri qarşı tərəfə çatdırmaqdır. Daha sonra bu cəmiyyətlərarası əlaqələr digər sahələri də əhatə edə bilər: mətbuat, incəsənət, mədəniyyət, sülh müqaviləsindən sonra isə iqtisadi, siyasi və humanitar sahələr. İlk addımlar isə məhz vətəndaş cəmiyyətləri vasitəsilə atılır. Bu prosesin hansı formada davam edəcəyi və nə dərəcədə uğurlu olacağı zamanla bəlli olacaq. Amma əsas məqsəd odur ki, cəmiyyətlər arasında etimad formalaşsın".