Mağazalarda satılan köhnə yumurtanı necə seçə bilərik? - EKSPERT AÇIQLADI

26 Noyabr 2025 15:51 (UTC+04:00)

Sosial şəbəkələrdə toyuq yumurtalarının marketlərdə istehsal və qablaşdırma tarixi olmadan satıldığı iddia olunur. Qeyd olunur ki, qablaşdırmanın üzərində tarix üçün xana olsa da, həmin yer boşdur. Vurğulanır ki, belə halda istehsalçı və satıcı yumurtanı istədiyi zamana kimi vitrinə qoyub satışa çıxara bilir. Bəs, alıcı köhnə yumurtanı necə seçə bilər?

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, istənilən qida məhsulunun istehsal və son istehlak tarixi olmalıdır:

"İstənilən məhsulun rəf ömrü var. Son günlərdə sosial şəbəkələrdə yumurtaların istehsal və qablaşdırma tarixi qeyd edilmədən satışa çıxarıldığı barədə paylaşımı müşahidə etdim. Qablaşdırmada tarix üçün yerləşdirilən xanaların boş olması mənim də diqqətimi çəkdi. Qida təhlükəsizliyində tarix məlumatları məhsulun nə vaxt istehsal olunduğunu və nə vaxtadək təhlükəsiz istehlak edilə biləcəyini müəyyənləşdirən əsas göstəricilərdən biridir. Bu məlumatların olmaması yumurtanın keyfiyyəti barədə obyektiv qərar verməkdə çətinlik yaradır. Satışda olan bütün paketlənmiş yumurtalarda istehsal tarixi, son istifadə tarixi və saxlanma şəraiti göstərilməlidir. Xananın boş olması texniki nəzarətsizlikdən, ya da qəsdən ola bilər. Bu halda mağaza, ya da istehsalçı məsuliyyət daşıyır.

Yumurtanın keyfiyyətini müəyyən etmək üçün bir neçə sadə metoddan istifadə edə bilərik. Yumurtanı otaq temperaturunda dərin bir qabda suyun içinə salaq. Dibə çökürsə və yan üstə yatırsa, yumurta təzədir. Dik dayanırsa isə 1-2 həftəlikdir. İstifadə edə bilərik, amma tam təzə deyil. Üzə çıxırsa, yumurta köhnədir, istifadə edilməməlidir. Bu testin səbəbi yumurtanın daxili boşluğunun zamanla böyüməsidir. İstifadə müddəti ekçdikcə hava kameraları genişlənir və yumurta suyun üzərinə qalxır. Yumurtanı yüngülcə qulağımıza yaxınlaşdırıb azca silkələyək. Səs gəlmirsə, təzədir, çünki içi hələ tam sıxdır. Sərbəst maye kimi hərəkət hiss olunursa, köhnədir. Daxili quruluşu boşalmış olur. Təzə yumurtanın qabığı mat və azca kobuddur. Təbii qoruyucu təbəqə olan kutikula hələ üstündə olur. Köhnə yumurtalarda isə daha parlaq görünür. Qabıqda kiçik ləkələr və saralmalar ola bilər. Saxlama zamanı nəmlik dəyişdiyi üçün qabıq sanki cilalanmış kimi görünür. Yumurtanı sındırdıqda sərt, yığcam sarısı və ətrafında qalın şəffaf zülal varsa, təzədir. Sarısı yastıdır, ətrafındakı zülal su kimidirsə, köhnədir. Kəskin qoxu və rəng dəyişikliyi artıq qidanın xarab olduğunu göstərir və belə yumurta qətiyyən istifadə edilməməlidir".