"Sülh sazişi üçün konstitusiya dəyişməlidir" - ŞƏRH EDİLDİ

26 Noyabr 2025 15:34 (UTC+04:00)

"Ermənistan üçün indi konstitusiyanı dəyişmək, Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etmək taleyüklü məsələyə çevrilib. Çünki Ermənistan üçün Azərbaycanla sülh sazişi imzalamaq, blokadadan çıxmaq və Ermənistanın yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyası dəyişmədən Azərbaycanla sülh sazişinin imzalanması isə mümkün deyil. Ona görə də Ermənistan əgər inkişaf mərhələsinə keçid etmək istəyirsə, blokadadan çıxmaq istəyirsə, mütləq konstitusiyanı dəyişib Azərbaycanla sülh sazişini imzalamalıdır: "Ancaq Ermənistanda konstitusiya dəyişikliyinin qarşısında kifayət qədər ciddi problemlər var və bu problemlər daha çox Ermənistandakı Rusiyanın kəşfiyyat şəbəkəsi ilə bağlıdır. Bu agentura şəbəkəsi Kremlin təlimatları ilə Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd göstərir. Kreml isə hesab edir ki, Paşinyan hakimiyyəti dəyişdirildikdən sonra Ermənistan əvvəlki kimi Rusiyanın forpostu olaraq qalacaq. Ona görə də Rusiyanın hədəfində bütövlükdə Ermənistanın özü yox, məhz Paşinyan hakimiyyətidir. Hazırda Paşinyan hakimiyyəti ilə erməni üçlüyü – yəni kilsə, oliqarxiya və revanşist düşərgə arasında olduqca amansız bir mübarizə gedir. Böyük ehtimalla Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlik ssenariləri daha qabarıq şəkildə ortaya çıxacaq. Rusiya, nəyin bahasına olursa-olsun, Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd göstərəcək və Paşinyan hakimiyyətinin devrilməsinə çalışacaq.

Təbii ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu reallığı anlayır və buna görə də son vaxtlar bütün siyasi gücünü məhz erməni üçlüyünün sıradan çıxarılmasına yönəldir. Böyük ehtimalla Ermənistanın gələcək taleyi məhz parlament seçkilərinin nəticələrindən asılı olacaq: ya Paşinyan hakimiyyətinin qalibiyyəti sayəsində Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Azərbaycanla sülh sazişini imzalayacaq və yeni inkişaf mərhələsinə qədəm qoyacaq, ya da Ermənistanda hakimiyyət dəyişəcək, radikal revanşist siyasi düşərgə hakimiyyətə gələrsə, o zaman situasiya ciddi şəkildə dəyişə bilər.

Nə konstitusiyanın dəyişməsi mümkün olar, nə də sülh sazişinin imzalanması. Həmçinin Zəngəzur dəhlizinin açılması ehtimalı da qeyri-müəyyən bir situasiya ilə üzləşə bilər".