Azərbaycanın ən qədim və ən zərif milli dəyərlərindən biri olan kəlağayı əsrlər boyu yalnız bir geyim elementi deyil, həm də xalqımızın zövqünü, dünyagörüşünü, sənətkarlıq bacarığını və mənəvi dəyərlərini özündə yaşadan simvol kimi qorunub. İpəkçilik ənənələrinin əsasında yaranan kəlağayı vaxtilə gündəlik həyatdan toy-düyün mərasimlərinə qədər həyatımızın hər anında öz yerini tapıb. Rənglərin dili, naxışların fəlsəfəsi və ustaların uzun illərin zəhməti ilə formalaşdırdığı bu sənət nümunəsi bu gün də öz aktuallığını qorumaqda davam edir.
Lakin müasir dövrdə kəlağayıya münasibət nəsillər arasında fərqlənir. Bəziləri üçün o, keçmişdən gələn qürur dolu bir mirasdır, bəziləri üçünsə sadəcə milli aksessuar. Həmçinin kəlağayının müasir modada, gündəlik həyatda və gənc nəsil arasında necə qəbul edildiyi də maraqlı suallar doğurur. Maraqlıdır, insanlar bu barədə nə düşünürlər? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Nazlı Abdullayeva: “Özüm də kəlağayıdan istifadə edirəm, hətta üzərində buta naxışı olan bir neçəsi var. Ümumiyyətlə, kəlağayı bizim milli atributlarımızdan biridir və mən geyimlərimə uyğun şəkildə istifadə edirəm. Qadını zərif göstərən çox gözəl bir aksesuardır. Mənə kəlağayını anam hədiyyə etmişdi və hələ də istifadə edirəm. Arzu edirəm ki, gənclərimiz də kəlağayıdan istifadə etsin ki, bu sənət unudulmasın. Get-gedə müasirləşdiyimiz üçün milli ənənələrimizin arxa plana keçməsini istəmirəm. Kəlağayını digər aksesuarlardan fərqləndirən onun üzərindəki bəzəklər və naxışlardır”.

Şəhər sakini Röya Məlikova: “Kəlağayı haqqında çox məlumatlı olmasam da, bunun bizim milli atributlarımızdan biri olduğunu bilirəm. Üzərindəki buta naxışı da milli simvollarımızdan biridir. Müşahidələrimə əsasən, kəlağayıdan daha çox müəllimlər və orta yaşlı qadınlar istifadə edir, gənclərdə isə az görürəm. Mən özüm hələ istifadə etmirəm, amma istifadə etmək istərdim. Düşünürəm ki, kəlağayı daha çox geyimin üstündən və ya baş örtüyü kimi gözəl görünür və mən də istifadə etsəm məhz bu formada istifadə edərdim”.

Şəhər sakini Hüseyn Qurbanov: “Kəlağayı ağbirçəkliyin bir simvoludur. Azərbaycan qadınını həm keçmişdə, həm də bu gün çox zərif göstərən gözəl bir atributdur. Hər dövrdə kəlağayının özünəməxsus yeri olub. Bu, Azərbaycan xanımlarının geyimlərinin ən gözəl aksesuarlarından biridir. Evdə xanımlarımız istifadə edirlər. Üzərində əsasən aypara, buta və digər milli simvollar olur. Gənclərimizin də kəlağayıdan istifadə etməsi çox yaxşı olardı”.
Şəhər sakini Yeganə Məmmədova: “Kəlağayı haqqında bildiyim ən vacib məlumat odur ki, İsmayıllı rayonunda təbii şəkildə hazırlanır. Hətta ən çox getmək istədiyim yerlərdən biri məhz kəlağayının təbii üsulla istehsal edildiyi məkandır. ‘Həri’ mərasimlərində də kəlağayıdan istifadə olunur — subay qızların hərisi alındıqda çiyinlərinə kəlağayı atılır ki, bu da çox gözəl adət-ənənələrimizdəndir. Kəlağayının üzərinə müxtəlif naxışlar və yazılar vurulur. Çox bəyənilir və müasir geyimlərlə də gözəl uyğunlaşır. ‘Kəlağayı keçmişdə qalıb’ fikri artıq aktuallığını itirib. Hətta hicablı xanımlar da hicabın üzərindən kəlağayı ata bilirlər”.

Şəhər sakini Xalidə Nəcəfova: “Müasir dövrdə gənclərimizin də kəlağayıdan istifadə etməsi məni çox sevindirir. Kəlağayı gənclərə ayrı bir gözəllik verir və hər dövr üçün uyğun bir aksesuardır. Hazırda demək olar ki, hər yerdə kəlağayı satışı var. Qızlarımız nişan və həri mərasimlərində kəlağayı örtürlər. Mən də kəlağayıdan istifadə edirəm və çox bəyənirəm. Fərqli naxışlarla bəzədilmiş modellər var ki, əsasən toy və nişan mərasimlərində istifadə edirəm”.