"Qış mövsümündə uşaqların daha tez-tez xəstələnməsi tamamilə təbii prosesdir və bunun əsas səbəbi mövsümi virusların aktivləşməsidir. Soyuq hava, qapalı məkanlarda uzun müddət qalma, həmçinin immunitetin zəifləməsi uşaqları respirator infeksiyalara daha həssas edir". Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Təranə Marufova deyib.
Onun sözlərinə görə, qrip, paraqrip, adenovirus və xüsusilə RSV qışda daha sürətlə yayılır və uşaqlar arasında yoluxma riski artır: "Bağça və məktəb kimi kollektiv mühitlər virusların dövri şəkildə bütün qrupa yayılması üçün ideal şərait yaradır. Bir uşaq xəstələnəndə qısa müddətdə həmin qrupda digər uşaqlarda da oxşar simptomlar müşahidə olunur. Bu, hava-damcı yolu ilə keçən virusların xüsusilə qapalı məkanlarda daha aktiv olmasından irəli gəlir. İlk növbədə uşaqların immunitetinin gücləndirilməsi vacibdir. Balanslı qidalanma, C vitamini ilə zəngin qidaların rasionda artırılması, D vitamini səviyyəsinin nəzarətdə saxlanması, mövsümə uyğun geyim və gün ərzində kifayət qədər yuxu uşağın müdafiə mexanizmini gücləndirir. Həkimlər həmçinin açıq havada qısa, lakin müntəzəm gəzintilərin də immun sisteminə müsbət təsir etdiyini vurğulayırlar.
Bundan əlavə, ev şəraitində otaqların tez-tez havalandırılması və havanın çox quru olmamasına diqqət etmək də mühümdür. Quru hava burun selikli qişasını zəiflədir və virusların orqanizmə daxil olmasını asanlaşdırır. Ona görə də evdə nəmləndiricidən istifadə etmək və optimal rütubəti qorumaq tövsiyə olunur. Uşaq həkimləri xəbərdarlıq edirlər ki, xəstəlik əlamətləri yeni başlayan uşağı bağçaya və ya məktəbə göndərmək olmaz. Bu, həm uşağın özünün vəziyyətini ağırlaşdıra, həm də digər uşaqların yoluxmasına səbəb ola bilər. Temperatur, öskürək, halsızlıq kimi simptomlar uzun sürdükdə valideynlər mütləq pediatra müraciət etməlidirlər, çünki özbaşına verilən dərmanlar bəzən vəziyyəti daha da çətinləşdirə bilər.
Düzgün profilaktika tədbirləri, uşağın immunitetinin gücləndirilməsi və xəstəlik baş verən zaman vaxtında tibbi yardım qış mövsümündə rast gəlinən virus infeksiyalarının əksəriyyətinin yüngül şəkildə keçməsinə və fəsadların qarşısının alınmasına imkan yaradır".