...ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı 21 noyabrda dərc edilmiş və Vaşinqton tərəfindən təsdiqlənmiş 28 maddəlik sülh planı qismən Rusiyanın oktyabr ayında Tramp administrasiyasına təqdim etdiyi sənəddən irəli gələn təkliflərə əsaslanır.
SİA xəbər verir ki, bu barədə məsələ ilə tanış olan üç mənbə Reuters-ə bildirib.
Mənbələrə görə, Rusiya razılaşma şərtlərini əks etdirən sənədi oktyabrın ortalarında ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdən sonra yüksək vəzifəli ABŞ rəsmilərinə göndərib.
Bu, Reuters-in oktyabr ayında mövcudluğunu bildirdiyi sənədin Ağ Ev tərəfindən irəli sürülən planda əhəmiyyətli rol oynadığına dair ilk təsdiqdir.
ABŞ Dövlət Departamenti və Vaşinqtondakı Rusiya və Ukrayna səfirlikləri şərh tələblərinə cavab verməyib. Çərşənbə günü səhər Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkovla telefon danışıqlarının mediada dərc olunmuş transkriptləri ilə bağlı suala cavab olaraq deyib ki, “...Mən Vitkovla tez-tez danışıram, amma (söhbətlərin) məzmunu barədə şərh vermirəm”.
Əli Babayev