Cizgi filmləri uşaqlarımıza necə təsir edir?

26 Noyabr 2025 10:58 (UTC+04:00)

Müasir uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər, hansı ki, mütəxəssislər bu tip filmlərin uşaqların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər. Mütəxəssislər deyir ki, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filminə aid edilə bilməz. “Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü-davalı cizgi filmləri uşaq psixologiyasına olduqca böyük zərər verir. Araşdırmalara görə, uşaqlar 18 aylıq olarkən televizora maraq yaranmağa başlayır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır. Baxdıqları cizgi filmləri bu yöndə önəmli təsirə malikdir. Tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa da səbəb ola bilər. 3-6 yaş arası uşaqlarda isə bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izlərkən «məna» axtardığını ortaya çıxardılar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, 6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur.
Cizgi filmləri uşaqlara 4 formada mənfi təsir edə bilər: “1. Zorakılığa yönləndirmə: araşdırmalara görə, şiddət, qorxu məzmunlu cizgi filmi izləyən uşaqlar, digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olurlar. Ətraflarına daim zərər vermək barədə düşünürlər və cox aqressiv olurlar. 2. Diqqətsizlik: mütəxəssislərin fikrincə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. 3. Həqiqətdən uzaqlaşma: valideynlər diqqət etməzsə, uşağın izlədiyi cizgi filmləri hər gün bir az onun həyatına daxil olur. Uşaq artıq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayırlar, reallığa adaptasiya ola bilmirlər. Onların gələcəkdə ictimaiyyətə yararlı fərd ola bilməsi ehtimalı olduqca azdır. 4. Ehtiyatlı davranışın azalması və risk artımı: xüsusilə, 10-12 yaş aralığında olan və mühakimə bacarığı hələ inkişaf etməmiş uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməkdə çətinlik çəkirlər. Ona görə də, onlar ciddi təhlükəsizlik problemləri yaşaya bilərlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər. Cizgi filmləri uşağın psixologiyasına mənfi təsir göstərməməli, onu sakitləşdirməli və maarifləndirməlidir, mənasız dinamik hərəkətlər əvəzinə öyrədici və tərbiyəedici süjetlər olmalıdır. Əlbəttə ki, uşaqların bilik və dünyagörüşünün artırılmasına xidmət edən kifayət qədər cizgi filmləri var. Ata-analar faydalı cizgi filmlərini seçərək övladlarının onlara tamaşa etməsinə çalışmalıdır”, - deyə Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı