"Ucuz nəqliyyat əhalinin yükünü yüngülləşdirir" - MÖVQE

26 Noyabr 2025 11:02 (UTC+04:00)

"İctimai nəqliyyatın inkişafı bir çox istiqamətdə müsbət təsirlər yaradır. İlk olaraq, bu, tıxacların azalmasına səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "Tıxaclar hər il şəhərlərə milyonlarla manat iqtisadi ziyan vurur. İşçilərin işə gecikməsi, yanacaq israfı, vaxt itkisi və malların çatdırılmasında gecikmələr bu zərərlərin əsas səbəblərindəndir. Güclü ictimai nəqliyyat sisteminin yaradılması bütün bu problemlərin qarşısını ala bilər.

İkincisi, əhali üçün xərc yükü azalacaq. Şəxsi avtomobil saxlamaq bahalıdır. Yanacaq, texniki xidmət, sığorta və parkinq üçün əlavə xərclər tələb olunur. İctimai nəqliyyat isə bir sərnişini avtomobilə nisbətən on dəfəyə qədər daha ucuz daşıya bilər ki, bu da real gəlirlərin artmasına səbəb olacaq.

Bundan əlavə, şəhərin infrastruktur xərcləri də azalacaq. Yolların genişləndirilməsi, körpü və tunellərin tikintisi çox bahalıdır. Metro xətlərinin tikintisi də yüksək investisiya tələb etsə də, uzunmüddətli dövrdə avtomobil axınını azaldaraq yol təmir xərclərini aşağı salır. Eyni zamanda, bu, daşınmaz əmlakın dəyərinin artmasına da müsbət təsir göstərir.

Ekoloji baxımdan da ictimai nəqliyyat əhəmiyyətlidir. Avtomobillərin çoxluğu havanın çirklənməsinə, karbon emissiyasının artmasına və nəticədə səhiyyə xərclərinin yüksəlməsinə səbəb olur. Lakin elektrik avtobuslarının tətbiqi ilə bu mənfi təsirlər azalacaq. Uzunmüddətli perspektivdə bu addımlar şəhərin daha sağlam, yaşanılabilir və iqtisadi baxımdan dayanıqlı olmasını təmin edəcək. Nəqliyyat infrastrukturu yaxşı olan şəhərlərdə biznes və investisiya mühiti daha əlverişli olur, turizm artır və yeni iş yerləri yaranır.

Nəticə olaraq, ictimai nəqliyyatın inkişafı şəhər büdcəsinin yükünü azaldır, biznes xərclərini aşağı salır, əhalinin real gəlirlərini artırır, yeni investisiyalar və iş yerləri yaradır, ekoloji zərərləri azaldır".