İşə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb

26 Noyabr 2025 10:34 (UTC+04:00)

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı Naxçıvan ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.