Çin Rusiya üçün ikili təyinatlı malların qiymətini ikiqat artırıb...

25 Noyabr 2025 19:53 (UTC+04:00)

...Çin ixracatçıları Qərb sanksiyaları fonunda Moskvanın alternativ tədarüklərdən artan asılılığından istifadə edərək rus alıcıları üçün ikili təyinatlı malların qiymətlərini əhəmiyyətli dərəcədə artırıblar.

SİA xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, bu, Finlandiya Bankının İnkişaf Etməkdə Olan Bazar İqtisadiyyatı İnstitutunun yeni araşdırmasına əsasən baş verib. Tədqiqata görə, Çindən Rusiyaya ixrac nəzarətində olan malların orta qiyməti 2021-2024-cü illər arasında 87 faiz artıb.

Müqayisə üçün, digər ölkələrə oxşar ixracın dəyəri eyni dövrdə cəmi 9 faiz artıb.

Ekspertlər qeyd edirlər ki, Rusiya həqiqətən də idxalını yenidən qurmağı və hərbi dərəcəli malların alınmasına Qərbin qoyduğu məhdudiyyətləri aşmaq üçün Çin tədarükünə etibar etməyi bacarıb.

Lakin, 2022-ci ildə Ukraynaya tammiqyaslı işğaldan sonra tətbiq edilən sanksiyalar bu asılılığın dəyərini kəskin şəkildə artırıb.

Sanksiyalar siyasəti üzərində işləyən yüksək vəzifəli Qərb rəsmisinin sözlərinə görə, bu vəziyyət Rusiyanın hərbi-sənaye sektorunu faktiki olaraq zəiflədir: “...Əgər bir məhsulun qiyməti 80% artarsa, bu, Rusiyanın ala biləcəyi həcmi demək olar ki, yarıya endirir.”

Tədqiqatın müəllifləri İikka Korhonen və Heli Simola əsas ticarət kateqoriyasını - Rusiya müdafiə sənayesi üçün vacib olan onlarla məhsulu əhatə edən "maşın və mexaniki qurğular"ı təhlil edərək müəyyən etdiblər ki, bəzi hallarda Rusiya idxal etdiyi Çin mallarının qiymətinin artması təchizat həcmlərinin artması ilə deyil, yalnız daha yüksək vahid qiymətləri ilə izah olunur.

Məsələn, 2024-cü ilə qədər Rusiya şirkətlərinin Çin podşipniklərinin idxalı dollar ifadəsində 76 faiz artmış, lakin onların faktiki fiziki həcmi, əksinə, 2021-ci illə müqayisədə 13 faiz azalmışdır.

Eyni zamanda, tədqiqatçılar Türkiyə ixracatçıları arasında sanksiya tətbiq edilən malların qiymətlərində də əhəmiyyətli artım aşkar ediblər.

Onların hesablamalarına görə, türk təchizatçıları Rusiyaya bu cür malların qiymətini 25-55 faiz artırıblar, digər ölkələrdə isə oxşar məhsulların qiymətləri daha az artıb.

14 ölkədən əldə edilən məlumatlara əsaslanan ümumi model göstərir ki, Rusiya tərəfindən ixrac nəzarətinə məruz qalan malların orta qiyməti 2021-ci ildən bəri 75 faiz artıb, digər məhsulların qiymətləri isə orta hesabla demək olar ki, dəyişməz qalıb.

Əli Babayev