Apple, Hindistan mağazalarına sanksiyalar barədə xəbərdarlıq edib…

25 Noyabr 2025 20:24 (UTC+04:00)

...Amerikanın Apple korporasiyası Rusiyaya və şirkətin rəsmi olaraq fəaliyyət göstərmədiyi digər ölkələrə təkrar ixracının qarşısını almaq üçün Hindistandan gələn smartfon göndərişlərinə nəzarəti gücləndirir.

SİA xəbər verir ki, Hindistanın MoneyControl nəşrinin məlumatına görə, rəsmi distribyutorlar yerli pərakəndə satıcıları xarici SİM kartlarla iPhone-ları satın alındıqdan sonra 90 gün ərzində aktivləşdirdikləri üçün yüksək cərimələr barədə xəbərdar ediblər.

...The Moscow Times qəzetinin məlumatına görə, xüsusi diqqət ən son 17 seriyalı smartfonlara yönəldilir.

Satıcılara göndərilən məktubda deyilir ki, cihazların xarici SİM kartlarla istifadə edildiyi aşkar edilərsə, "pərakəndə satış məntəqəniz yüksək cəriməyə məruz qalacaq və mağaza kodu siyasətə uyğun olaraq bloklana bilər".

...Xatırladaq ki, Apple şirkəti Ukraynaya tammiqyaslı işğal başladıqdan qısa müddət sonra Rusiyada cihazlarının rəsmi satışını dayandırdı və eyni zamanda Apple Pay və digər xidmətləri məhdudlaşdırdı.

Amma şirkətin Rusiya bazarından rəsmi şəkildə çıxmasına baxmayaraq, yeni iPhone modelləri paralel idxal və özəl təchizatçılar vasitəsilə ölkəyə daxil olmağa davam edir. MoneyControl-a görə, oktyabr ayında Hindistandan iPhone ixracı 1,6 milyard dollara çatıb ki, bu da ümumi smartfon ixracının təxminən üçdə birini və bütün elektronika ixracının təxminən 40 faizini təşkil edir.

Nəşrin sorğusunda iştirak edən analitiklər qeyri-rəsmi tədarüklərin ümumi həcmin 3-5 faizoni təşkil etdiyini və bu cihazların təxminən yarısının Rusiyaya göndərildiyini təxmin edirlər.

"Boz" ixrac üçün digər əsas istiqamətlərə tələbatın yüksək olduğu və mənfəət potensialının daha yüksək olduğu Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri daxildir.

Əli Babayev