Şəhərsalma və təhlükəsizlik qaydaları baxımından çoxmərtəbəli binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşdirilməsi geniş yayılmış təcrübədir. Lakin bu cür obyektlər yanğın və təhlükəsizlik aspektlərindən xüsusi tələblər tələb edir. Restoranlarda istifadə olunan qaz avadanlıqları, elektrik yüklənməsi və yüksək istilik mənbələri binanın ümumi təhlükəsizliyinə birbaşa təsir göstərir. Bəs, çoxmərtəbəli binalarda yanğın zamanı nələrə riayət olunmalıdır? Yeni tikilən binalarda yanğın pilləkənləri niyə qoyulmur? Belə binalar yaşayış üçün necə istifadəyə verilə bilər?
Məsələ ilə əlaqədar təhlükəsizlik eksperti Orxan Musayev SİA-ya açıqlamasında bildirib ki, binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biri hesab olunur:
”Müasir şəhərsalma prosesində insanların təhlükəsizliyi yalnız texniki vasitələrdən ibarət olmayan, eyni zamanda düzgün idarəetmə, maarifləndirmə və nəzarət tələb edən kompleks bir anlayışdır. Təhlükəsizlik sadəcə avadanlıqların quraşdırılması ilə bitmir; əksinə, sakinlərin məsuliyyətli davranışı, texniki sistemlərin fasiləsiz işlək vəziyyətdə saxlanması və binada təhlükəsizliyin gündəlik idarə olunması kimi çoxşaxəli prinsiplərə əsaslanır.
Binanın mühəndis kommunikasiya sistemləri — su xəttləri, kanalizasiya, qaz təchizatı, elektrik şəbəkəsi və havalandırma qurğuları — mütəmadi olaraq yoxlanılmalı, nasazlıqlar yaradacaq potensial faktorlar vaxtında aradan qaldırılmalıdır. Bu sistemlərin düzgün işləməsi həm həyat keyfiyyətinə, həm də qəza və fəlakətlərin qarşısının alınmasına birbaşa təsir edir. Xüsusən də qaz və elektrik xəttlərində baş verən kiçik nasazlıqlar belə ciddi təhlükə yarada biləcəyindən, peşəkar mütəxəssislər tərəfindən periodik texniki baxışlar zəruridir.
Yanğın təhlükəsizliyi isə binada yaşayan hər kəs üçün əsas prioritet olmalıdır. Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanmalı, detektorlar, siqnallar və söndürmə vasitələri səlist şəkildə fəaliyyət göstərməlidir. Bu sistemlərin mütəmadi sınaqdan keçirilməsi həm potensial təhlükələri vaxtında aşkar etməyə, həm də yanğın zamanı insanların daha tez məlumatlandırılmasına şərait yaradır.
Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün əvvəlcədən hazırlanmış təxliyə planları mövcud olmalıdır. Bu planlar həm binanın ümumi giriş-çıxış yollarını, həm də fövqəladə hallar zamanı istifadə ediləcək alternativ çıxışları əhatə etməlidir. Sakinlər bu planlarla tanış edilməli, lazım gəldikdə təlimlər keçirilməli və təxliyə yolları daim açıq saxlanılmalıdır.
Yanğın hadisələrinin baş verməməsi üçün profilaktik tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, yanğına davamlı materiallardan istifadə, elektrik avadanlıqlarının doğru şəkildə quraşdırılması, məişət cihazlarının ehtiyatla işlədilməsi və məcburi olaraq müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət edilməsi vacibdir. Təhlükə yarandıqda isə mümkün qədər tez və panikasız şəkildə binanı tərk etmək, əvvəlcədən müəyyən edilmiş təhlükəsiz toplanma ərazilərinə yönəlmək lazımdır.
Ümumilikdə, binalarda təhlükəsizlik — sakinlərin maarifləndirilməsi, texniki sistemlərin düzgün və davamlı fəaliyyəti, qanunvericiliyə uyğunlaşdırılmış normativlər və operativ nəzarət mexanizmlərinin vahid şəkildə işləməsi ilə təmin olunan dinamik bir prosesdir. Bu prosesə hər bir sakinin şəxsi məsuliyyəti də daxil olduqda, daha təhlükəsiz və komfortlu yaşayış mühiti formalaşmış olur”.