“Azərbaycandakı bələdiyyələrlə Tükiyə bələdiyyələri arasında çoxlu fərqlər var”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, Türkiyədə bələdiyyələrin funksionallığı, onların səlahiyyət çərçivəsi Azərbaycanla müqayisədə daha genişdir: “Ölkəmizdə icra strukturları ilə bələdiyyələr arasında funksional səlahiyyətlərlə bağlı problemlər var. Bizdə bələdiyyələrin səlahiyyətləri və gəlirləri o qədər yüksək deyil ki, hər hansısa bir sosial təşəbbüs həyata keçirə bilsin.
Türkiyədə bələdiyyələr təkcə sosial təşəbbüslə deyil, həm də ölkənin strateji məsələlərində də iştirak edirlər. Məsələn, Türkiyədə 2025-ci ildə “Ailə ili” çərçivəsində bələdiyyələr bir sıra gənclərin toy xərclərini öz üzərilərinə götürüblər. Təbii ki, əhalinin yoxsul təbəqəsi üçün nəqliyyatda güzəştlər edilməlidir. Ölkə başçısı hələ 2013-cü ildə çıxışlarının birində bildirdi ki, Azərbaycanda sosial dövlət quruculuğu başlayır. Əgər sosial dövlət yolu tutmuşuqsa, təbiiki yaşlı insanlar üçün, tələbələr üçün bir çox sahələrdə güzəştlər tətbiq olunmalıdır.
Nəqliyyatdakı hazırki, qiymətlər əhalinin aztəminatlı ailələri üçün əlçatan deyil. Ölkəmiz 2015-ci ildə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı lahiyəsinə 2016-cı ildə qoşulub. Həmin lahiyənin də əsas şüarı heç kəsi kənarda qoymamaqdır. Yəni bütün insanlar üçün bərabər şərait yaradılmalıdır. Dünyanın bir çox ölkələrində kasıb insanlar üçün pulsuz ərzaq yardımları edilir. Bu cür təcrübələr ölkəmizdə də tətbiq olunmalıdır”.
Müəllif: İlkin Məmmədkərimov