Bakı tıxacları: zamanın əsir düşdüyü şəhər

25 Noyabr 2025 16:05 (UTC+04:00)

Bakı səhəri təkcə günəşin doğuşu ilə yox, siqnalların səsi ilə açır. Saat hələ yeddi olmamış küçələrdə tələsmə başlayır, insanlar evdən çıxan kimi zamanla yarışa girir. Amma bu yarışın qalibi yoxdur. Çünki Bakı tıxacları elə bir labirintdir ki, ora girən hər kəs bir müddət sonra sadəcə gözləməyə məhkum olur.

Maşınların içində sıxılmış ümidlər, gecikən xəyallar, əsəbi baxışlar… Hər kəs harasa çatmağa çalışır, amma yol addım-addım dayanır. Siqnal səsləri artıq xəbər yox, bir növ ümidsiz qışqırıqdır. Kimisi işinə gecikir, kimisi imtahana, kimisi isə bir görüşə… Amma bütün bu tələskənliyin ortasında zaman asta-asta eriyir.

Tıxac təkcə avtomobillərin sıxlığı deyil, həyatın daralmasıdır. İnsan psixologiyası yorulur, səbir daşır, əsəb sistemləri sınağa çəkilir. Bir saatlıq yol iki saata çevriləndə sanki nəfəs almaq belə çətinləşir. Pəncərədən bayıra baxan gözlərdə eyni sual oxunur: “Nə vaxt açılacaq?”

Bakı tıxaclarında insanlar təkcə yolları deyil, öz səbrlərini də paylaşır. Kimisi sükanı sıxıb susur, kimisi telefonda əsəblə danışır, kimisi musiqinin səsinə sığınıb zamanla barışmağa çalışır. Amma heç biri rahat deyil. Çünki bu sıxlıq təkcə fiziki deyil, ruhidir.

Bir şəhərin nəbzi yollardan ölçülür deyərlər. Bakı isə bəzən elə bil öz nəbzində boğulur. Vaxtında çıxan da gecikir, plan edən də hizasını itirir. Bir addımlıq məsafə bəzən saatlara çevrilir. İnsan düşünür: bu qədər betonun arasında niyə nəfəs almaq bu qədər çətindir?

Tıxaclar həyatın tempini ləngidir, insanın içindəki enerjini sorur, gərginliyi səssizcə böyüdür. Evə çatanda isə artıq yorğunluq təkcə bədəndə yox, ruhda da hiss olunur. Gün boyu yığılan stress axşam sakitliyinə belə sığmır.

Bakı tıxacları sadəcə yol problemi deyil, bu şəhərin görünməyən harayıdır. Hər siqnal səsi, hər dayanan kolon bir az da səbrin tükəndiyini göstərir. Və bəlkə də ən acısı budur: hamı tələsir, amma heç kim çata bilmir.

Bu şəhərdə bəzən yol yox, səbir uzanır.
Və biz, o səbrin içində zamanla birlikdə yoruluruq…

Müəllif: Günay Hacıyeva