"Forum media boşluğunu aradan qaldırır" - ŞƏRH EDİLDİ

25 Noyabr 2025 15:58 (UTC+04:00)

"D-8 ölkələrinin ilk dəfə Bakıda media forumunun keçirilməsi, əlbəttə ki, bu sahədə atılmış çox vacib bir addımdır. Çünki bu ölkələrin əksəriyyəti arasında media sahəsində arzu olunan səviyyədə əməkdaşlıq və əlaqələr mövcud deyil". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Məsələn, uzaq İndoneziya, Malayziya, Nigeriya və bəzən Misir mətbuatında Azərbaycan haqqında kifayət qədər məlumat yer almır.

Eyni zamanda, bu boşluqdan istifadə edən ermənilər həmin ölkələrin ictimaiyyətini yalan informasiyalarla təmin edərək Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Belə bir vəziyyətdə D-8 ölkələrinin media nümayəndələrinin bir araya gəlməsi, bu boşluğun aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir.

Artıq qərara alınıb ki, D-8 ölkələrinin media təmsilçiləri sıx əməkdaşlıq içində olsunlar, davamlı şəkildə informasiya mübadiləsi aparılsın, bu ölkələr haqqında məlumatlar Azərbaycanda, Azərbaycan haqqında isə həmin ölkələrdə geniş şəkildə işıqlandırılsın. Məsələn, biz hər gün öz ölkəmizdə Bangladeş haqqında nə qədər məlumat əldə edə bilirik? Olduqca az. Eyni zamanda Bangladeşdə Azərbaycan haqqında kim yazır, nə yazır — bu barədə də az məlumat var. Bəzən həftələrlə, aylarla Azərbaycanın adı belə çəkilmir. Digər ölkələr — Türkiyə, Pakistan haqqında da eyni vəziyyəti demək olar. İran mətbuatı Azərbaycana tez-tez yer ayırsa da, təəssüf ki, bu çox vaxt anti-Azərbaycan mövqeyində olur.

Təbii ki, qardaş Türkiyə ilə problem yoxdur. O ölkənin mediası daim Azərbaycanı diqqətdə saxlayır. Pakistan mediası da bizim üçün açıqdır, əlçatandır, lakin ondan da yetərincə səmərəli istifadə olunmur.

Bu baxımdan hesab edirəm ki, D-8 ölkələrinin media forumu çox yerinə düşdü və bu forumun yalnız bir tədbir kimi qalmaması, davamlı olması, daimi katibliyin yaradılması və bu katiblik üzərindən informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi vacibdir. Əgər bu işi uyğun və peşəkar şəxslər həyata keçirsə, əminəm ki, nəticələr çox uğurlu olacaq".