Azərbaycanla BƏT arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb - FOTOLAR

25 Noyabr 2025 15:08 (UTC+04:00)

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması tədbiri olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev yeni Ölkə Proqramının Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in məqsədlərindən, habelə BƏT-in layiqli əməyin təşviqi konsepsiyasından irəli gəldiyini bildirib. O, layiqli əmək konsepsiyasının işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi komponentlərə əsaslandığını qeyd edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə ölkə vətəndaşlarının həmin prinsiplərə tam cavab verən hüquqlarının Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında, habelə ölkəmiz tərəfindən BƏT-in ratifikasiya edilmiş 59 konvensiyası və 1 protokolunda, milli əmək və sosial müdafiə sahəsində qanunvericilikdə dolğun şəkildə təsbit olunduğu bildirilib.

Ötən dövrdə BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra olunduğu, ölkəmizdə Təşkilatın layiqli əməyin təminatına dair prinsiplərinə uyğun məqsədyönlü işlərin aparıldığı vurğulanıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, Azərbaycanda layiqli əməyin təmin edilməsi məqsədilə sosial tərəfdaşlar arasında həyata keçirilən birgə və səmərəli fəaliyyəti qeyd ediblər. Onlar BƏT və Azərbaycanda üçtərəflilik prinsipi əsasında fəaliyyət göstərən sosial tərəfdaşlar tərəfindən hazırlanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətini vurğulayıblar.

BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin yeni Ölkə Proqramının ölkəmizin BƏT-lə səmərəli əməkdaşlığının uğurlu davamı olduğunu bildirib.

Daha sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin tərəfindən Ölkə Proqramı imzalanıb. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın uğurlu davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artıracaq.

Tədbirdən sonra Anar Əliyev və Mixail Puşkin arasında keçirilən görüşdə Azərbaycanla BƏT arasında fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmiz tərəfindən hazırda Təşkilatın “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivəsi haqqında” Konvensiyasının da ratifikasiya prosesinin yekunlaşmaqda olduğu qeyd edilib.

Yeni imzalanmış “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.