"Gender stereotiplərinin qırılması həqiqətən də, istər ailələrdə, istərsə də iş sistemində bir çox problemlərin yaranmasına səbəb olur. Niyə biz bunu “problemlər” adlandırırıq"? Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, çünki biz bilirik ki, tarixən qadınların danışıq qabiliyyəti daha çox qiymətləndirilib, onlar kişilərə nisbətən daha çox danışırlar və bu səbəbdən də onların natiqlik bacarıqları daha çox inkişaf edib: "Bu da iş sistemində müəyyən vəzifələrin xanımlar tərəfindən tutulmasına səbəb olur. Halbuki, əvvəllər bu sahələrdə kişilər çalışırdı, indi isə artıq həmin mövqelərdə qadınlar yer alır. Əlbəttə, bu, qadınlarımızın bacarıqlı olmasının göstəricisidir. Lakin burada bir məqam da var: stereotiplər nəticəsində kişilərin nüfuzdan salınması və onlara qarşı etimadın azalması müşahidə olunur. Çox hallarda qadınlar hansısa bir işə müraciət etdikdə onların məsuliyyətli olduqları və verdikləri sözə əməl etdikləri əsas götürülür. Bəylər isə bəzən sadəcə dinlənilmədən, zahiri görünüşlərinə və davranışlarına əsasən “bu işi bacarmaz”, “nöhtəsindən gələ bilməz” kimi stereotiplərlə qarşılaşırlar.
Məsələn, EHR (insan resursları) sistemində daha çox qadınların çalışdığına görə bəylərin seçim turunda özlərini təqdim etmə imkanları məhdud olur. Çünki bəylər bəzən işi görmədən danışmır, danışıq qabiliyyəti və təqdimat bacarığı zəif olduğundan, düzgün dəyərləndirilə bilmirlər. Ailə mühitində isə çox vaxt dominantlıq qadının əlində olur. Bəzi hallarda ailə qurmuş cütlüklər, hər ikisi ali təhsil almış olsa da, bəyin intellektual səviyyəsi daha yüksək olsa belə, dominant olmadıqda evdə söz sahibi olmur. Nəticədə qadın idarəni ələ aldıqca ailədə xaotik vəziyyət yaranır, kişinin nüfuzu zəifləyir. Bəzən biz müşahidə edirik ki, məsuliyyətli və sabit ailə quruluşuna malik bəylər ailəni necə gözəl idarə edir. Amma stereotiplər qadınların ailədə və işdə dominant olmasına səbəb olduqda bu, çox zaman ailələrin dağılmasına gətirib çıxarır. Çünki hər bir qadın nə qədər dominant olsa da, ikiqat dominant olan bir kişinin yanında daha güvənli, xoşbəxt və rahat hiss edir. Bu fikirlər həm subyektiv müşahidələrimə, həm də psixoloji məsləhətlər zamanı dinlədiklərimə əsaslanır. Nəzəriyyədə nə qədər psixologiyaya dair biliklərimiz olsa da, 21-ci əsrdə biz artıq real həyatda stereotiplərin iş imkanlarına belə necə təsir etdiyini açıq şəkildə görürük. Və sonda demək istəyirəm ki, bəylərimizə istər işdə, istər ailədə, istər cəmiyyətdə daha çox üstünlük verilməlidir".