"Son illərdə böyük iqtisadi güclər arasında artan ticarət müharibələri dünya iqtisadiyyatında qeyri-müəyyənliyi xeyli dərəcədə artırıb. Bu proses ilk növbədə inkişaf etmiş ölkələr arasında baş versə də, ən güclü təsiri məhz inkişaf etməkdə olan ölkələr hiss edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, çünki bu ölkələrin iqtisadi sistemləri daha həssas, xarici bazarlardan və investisiya axınlarından daha çox asılıdır: "Ticarət müharibələri dünya üzrə tələb səviyyəsini azaldır və qlobal iqtisadi artım tempini zəiflədir. İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti ixracyönlü modelə malik olduğundan, böyük bazarlarda tələbin azalması onların gəlirlərinə birbaşa təsir göstərir. Xüsusilə Asiya, Afrika və Latın Amerikası kimi regionlarda istehsal sektorları buna daha çox həssasdır. İstehsal zəncirlərinin pozulması ciddi iqtisadi itkilərə səbəb olur. Qlobal tədarük zəncirləri bir neçə ölkəyə bölünmüş şəkildə fəaliyyət göstərdiyinə görə, böyük iqtisadiyyatlar arasında qoyulan gömrük tarifləri və məhdudiyyətlər istehsal xərclərini artırır. Bu isə inkişaf etməkdə olan ölkələrin rəqabət qabiliyyətini zəiflədir və ixrac məhsullarının qiymətlərini yüksəldir. Valyuta bazarlarında artan dalğalanmalar bu ölkələr üçün əlavə risk yaradır. Ticarət müharibələri zamanı investorlar daha təhlükəsiz aktivlərə üz tutduğuna görə inkişaf etməkdə olan ölkələrdən kapital axını müşahidə olunur. Nəticədə həmin ölkələrin valyutaları ucuzlaşır, inflyasiya yüksəlir və idxal xərcləri artır. Xarici investisiyaların azalması iqtisadi inkişafı ləngidir. İnvestorlar qeyri-müəyyənlik artdığı vaxtda riskləri minimuma endirməyə çalışdıqları üçün yeni layihələrə sərmayə qoymaqdan çəkinirlər. Bu isə inkişaf etməkdə olan ölkələrin sənayeləşmə, texnoloji modernizasiya və infrastruktur layihələrini məhdudlaşdırır. Ərzaq və xammal bazarlarında qiymət dəyişkənliyi də əlavə problemlər yaradır. Ticarət müharibələri nəticəsində enerji və kənd təsərrüfatı məhsullarında yaranan qiymət şokları inkişaf etməkdə olan ölkələrin həm istehlak, həm də istehsal sahələrini çətin duruma salır.
Nəhayət, ticarət müharibələri ölkələri yeni tərəfdaş axtarışına sövq edir. Bir çox inkişaf etməkdə olan ölkələr diversifikasiya siyasətini gücləndirərək, alternativ bazarlara çıxış üçün yeni iqtisadi əməkdaşlıqlar qurmağa çalışır. Lakin bu proses zaman tələb etdiyindən qısamüddətli dövrdə iqtisadi itkilər qaçılmaz olur. Ümumilikdə, qlobal ticarət müharibələrinin artması inkişaf etməkdə olan ölkələr üçün həm iqtisadi, həm maliyyə, həm də sosial istiqamətdə ciddi çağırışlar yaradır. Bu ölkələr daha dayanıqlı iqtisadi modelə, gücləndirilmiş regional əməkdaşlığa və rəqabət qabiliyyətini artıran islahatlara ehtiyac duyurlar".