"Bu, gələcəkdə digər münaqişələr üçün yol xəritəsi rolunu oynaya bilər" - ŞƏRH EDİLDİ

25 Noyabr 2025 12:47 (UTC+04:00)

"Rusiyanın işğal etdiyi əraziləri müxtəlif hüquqi və siyasi mexanizmlərlə “qanuniləşdirməyə” çalışması, ABŞ və digər vasitəçilərin bəzi hallarda buna kifayət qədər sərt şəkildə reaksiya verməməsi beynəlxalq sistemdə çox təhlükəli presedent yarada bilər. Əgər işğal faktı uzunmüddətli danışıqlarda faktiki reallıq kimi qəbul olunarsa və buna görə işğal edən tərəf ciddi siyasi, iqtisadi və hüquqi nəticələrlə üzləşməzsə, bu, digər dövlətlər üçün dərs xarakteri daşıya bilər: yəni güc yolu ilə əldə edilən qənimətin müəyyən müddət sonra “təsdiqlənə” biləcəyi düşüncəsi formalaşa bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, belə bir tendensiyanın yaranması xüsusilə postsovet məkanında və ümumilikdə Avrasiya regionunda “qüvvə hüququ” anlayışının güclənməsi riskini artırır:

"Onsuz da tarixi, etnik və siyasi ziddiyyətlərin çox olduğu bu məkan üçün güc yolu ilə sərhəd dəyişikliklərinin normal qəbul olunması gələcəkdə yeni münaqişələrin yaranmasına rəvac verə bilər. Bu isə yalnız regional təhlükəsizliyə deyil, beynəlxalq münasibətlər sisteminə də birbaşa təsir göstərir. Beynəlxalq hüququn əsas sütunlarından biri olan suveren dövlətlərin ərazi bütövlüyü prinsipi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər fundamental sənədlərdə açıq şəkildə təsbit olunub. Bu prinsipin pozulması yalnız Ukrayna kontekstində deyil, dünya üzrə istənilən potensial münaqişə regionunda hüquqi və diplomatik qeyri-müəyyənlik yaradır. Əgər beynəlxalq hüququn bu əsas qaydası praktikada işləməz hala gətirilərsə, dövlətlər arasındakı münasibətlərdə güc tətbiqi daha çox legitimləşdirilə bilər.

Belə bir presedent həmçinin beynəlxalq təşkilatların nüfuzunu sual altına qoyur. Çünki əgər böyük güclər və beynəlxalq institutlar işğala qarşı kollektiv və effektiv reaksiya vermirsə, bu, həmin qurumların mövcudluq məqsədini – qlobal sabitlik və hüquqi nizamı qoruma funksiyasını – zəiflədir. Nəticədə, beynəlxalq münasibətlər sistemi daha çox “böyük güclərin oyunu” modelinə bənzəyir və qayda əsaslı dünya nizamının sərhədləri daralır.

Belə bir inkişaf xətti uzunmüddətli, strateji presedent yaradır: yəni işğal yolu ilə əldə edilən ərazilərin zaman keçdikcə danışıqlar masasının “ayrılmaz hissəsi” kimi legitimləşməsi təhlükəsi. Əgər bu ənənəyə çevrilərsə, gələcək regional münaqişələrdə tərəflər zor yolunu diplomatik həllə aparan bir mərhələ kimi dəyərləndirə bilərlər. Bu isə gələcək nəsillər üçün daha təhlükəli bir dünya düzəni formalaşdırır — güc üstün gəlir, hüquq isə arxa planda qalır. Nəticə etibarilə, işğal sonrası ərazi dəyişikliklərinin “legallaşdırılması” ideyasının beynəlxalq səviyyədə normallaşması təkcə bir ölkə və ya region üçün deyil, qlobal təhlükəsizlik arxitekturası üçün ciddi təhdiddir. Bu prosesin qarşısının alınması isə yalnız bir dövlətin marağı deyil, beynəlxalq nizamın bütövlüyünün qorunması üçün ümumi məsuliyyət tələb edir".