“Kəlbəcər yenidən doğulur, əzəməti ilə qürur doğurur“ - DEPUTAT DANIŞDI

25 Noyabr 2025 13:07 (UTC+04:00)

“Kəlbəcər bölgəsi yalnız təbii gözəlliyi ilə deyil, həm də minilliklərə söykənən zəngin tarixi ilə seçilən nadir ərazilərdən biridir. Bu torpaqlar Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri kimi formalaşmış, müxtəlif dövrlərin mədəni qatlarını günümüzə qədər yaşatmağı bacarmışdır. Bölgənin tarixi əhəmiyyəti və arxeoloji tapıntıları isə onun türk dünyasının ilkin izlərini daşıyan mühüm məkanlardan biri olduğunu təsdiqləyir. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” anlamını daşıyır. Yaşayış məntəqəsinin yerləşdiyi qayalıqlarda Tərtər çayı boyunca sıra ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən artıq tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslamın yayıldığı mərhələləri əks etdirir”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov SİA-ya açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və onun ən uca nöqtələri dəniz səviyyəsindən 3724 metr yüksəklikdə yerləşən Camışdağ zirvəsi və 3616 metr hündürlüyə malik Dəlidağdır. Ərazinin böyük hissəsi sıx meşəliklərlə örtülmüşdür. Rayon qərbdə Ermənistanla, şimalda Daşkəsən, Göygöl və Goranboyla, şimal-şərqdə Tərtərlə, şərqdə Ağdam və Xocalı ilə, cənubda isə Laçın rayonu ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmişdir. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edir, ümumi ərazisi isə 3054 kvadrat kilometr idi. Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olmuşdur. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər isə əsir götürülmüş və ya itkin düşmüşdür. Nəticədə Kəlbəcər əhalisi ölkənin 56 rayonunda yerləşən 770 yaşayış məntəqəsinə səpələnərək müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. İşğal illəri ərzində rayona məxsus onlarla tarixi-mədəniyyət abidəsi dağıdılmış, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina və minlərlə mənzil məhv edilmişdir. Bununla yanaşı, yüzlərlə maşın və müxtəlif texnika talan edilərək aparılmış, Kəlbəcərin milyardlarla manat dəyərində olan sərvətləri Ermənistana daşınmışdır.
Deputat diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsində Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin Ermənistan bu qərarı icra etmədi, beynəlxalq təşkilatlar isə qətnamənin yerinə yetirilməsi üçün real təzyiq göstərmədilər. İşğal dövründə Ermənistan BMT və ATƏT prinsiplərini kobud şəkildə pozaraq 1999-cu ildən başlayaraq Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdi və bölgəyə erməni əhalisinin köçürülməsinə başladı.
Vətən müharibəsi zamanı Kəlbəcər istiqaməti xüsusi strateji əhəmiyyət kəsb edirdi. Azərbaycan Silahlı Qüvvələri müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsini azad edərək bölgədə mühüm yüksəkliklərə nəzarəti ələ aldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu strateji yüksəkliklərin götürülməsi erməni silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı, Basarkeçər–Kəlbəcər yolundan istifadəni faktiki olaraq mümkünsüz etdi və Ermənistan ordusunun hərbi fəaliyyətini bir çox istiqamətlərdə tamamilə iflic vəziyyətinə saldı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Üçtərəfli Bəyanatın icrası zamanı Kəlbəcərin ermənilər tərəfindən boşaldılması isə işğalçı qüvvələrin əsl simasını bir daha üzə çıxardı. Bölgədən çıxan qeyri-qanuni sakinlər evləri və bağları yandıraraq, mülki obyektlərə və ətraf mühitə qəsdən ziyan vuraraq barbar davranışlarını nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vandallıq aktları bir daha Ermənistanın işğal dövründə törətdiyi ekoloji və humanitar cinayətləri açıq şəkildə göstərdi. Unutmaq olmaz ki, mülki infrastrukturun dağıdılması və ətraf mühitə qəsdən zərər vurulması beynəlxalq konvensiyalara görə hərbi cinayət hesab olunur. Kəlbəcərin azad edilməsinin yüksək strateji və tarixi əhəmiyyəti nəzərə alınaraq, 26 noyabr 2020-ci ildə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin azadlığı uğrunda döyüşlərdə fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif edilərək igidlik və şücaətlərinə görə yüksək qiymətləndirildi.
K.Bayramov vurğulayıb ki, Şanlı Zəfərin rəmzi olaraq 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi bölgənin işğaldan azad olunmasının tarixi əhəmiyyətini bir daha önə çıxarır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş bütün ərazilər üzrə şəhər günləri təsis edilib və həmin sənədə əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.Kəlbəcərin gələcək inkişafını müəyyən edən ən mühüm sənədlərdən biri isə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli Qərarı ilə təsdiqlənmiş bu Baş Plan işğaldan azad edilmiş şəhərin yeni inkişaf dövrünün konturlarını müəyyən edir. Əgər 1969-cu ildə hazırlanan son Baş Plana görə şəhərin ərazisi 130 hektar, əhalisi isə 7 500 nəfər idisə, yeni konsepsiyada bu göstəricilər iki dəfədən çox artırılaraq təxminən 290 hektara və 17 000 nəfərə çatdırılır. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli yaşayış və inzibati binalardan ibarət olacaq, ətraf ərazilərdə isə geniş miqyaslı fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur. Ümumi yaşayış fondu 488 min m² təşkil edəcək və bunun böyük hissəsi fərdi yaşayış evlərinin payına düşəcək. 2040-cı ilədək əhalinin 4 250 mənzillə təmin olunması planlaşdırılıb ki, bu da adambaşına 25 m² yaşayış sahəsi deməkdir. Sosial infrastruktur da yüksək standartlara uyğun formalaşdırılacaq: 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai iaşə və idman obyektləri inşa ediləcək. Baş Plana əsasən, şəhər ərazisinin 22%-i – yəni 60 hektarı – yaşıllıqlardan ibarət olacaq. Bu göstərici digər şəhərlərdə adambaşına düşən 7–10 m²-lik normanı xeyli üstələyərək Kəlbəcərdə adambaşına 33 m² təşkil edəcək. Şəhərin yol infrastrukturu da müasir tələblərə uyğun qurulacaq. Əhali 27 km-dən artıq avtomobil yolu və 22 km uzunluğunda velosiped yollarından rahat şəkildə istifadə edə biləcək. Beləliklə, Kəlbəcər təkcə tarixi torpaqlarımızın azadlığı simvolu deyil, həm də müasir şəhərsalmanın nümunəsi kimi yenidən qurulur.
K.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş Kəlbəcərin yenidən qurulması təkcə bir rayonun bərpası deyil, Azərbaycan dövlətinin gücünün, iradəsinin və strateji inkişaf vizyonunun parlaq təcəssümüdür. 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi, eləcə də 2040-cı ilədək Baş Planın təsdiqi bu torpaqların həm tarixi dəyərinə, həm də gələcək potensialına verilən yüksək qiymətin göstəricisidir. Müasir standartlara uyğun salınan sosial, iqtisadi və ekoloji infrastrukturlar Kəlbəcərin bölgənin ən inkişaf etmiş yaşayış mərkəzlərindən birinə çevriləcəyinə, sakinlərin burada rahat, təhlükəsiz və firavan həyat quracağına əminlik yaradır. Beləliklə, Kəlbəcər işğaldan azad olunmuş torpaq kimi deyil, Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsinin simvolu kimi yenidən dirçəlir və bu dirçəliş Qarabağ Zəfərinin yaratdığı tarixi reallığın davamı olaraq ölkəmizin gələcəyinə möhkəm töhfə verir”.