“Afrika qitəsi bu gün təbii ehtiyatlardan səmərəli istifadə, sənayeləşmə, kənd təsərrüfatının inkişafı və infrastrukturun genişləndirilməsi istiqamətində mühüm strateji addımlar atır. Bu fonda Azərbaycanla əməkdaşlığa artan maraq, xüsusilə sərmayə cəlbi baxımından yeni imkanlar yaradır”. SİA xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan azad olunması haqqında Sazişin təsdiqi ilə bağlı müzakirələr zamanı deputat Nigar Məmmədova deyib.
Deputat bildirib ki, Qvineya-Bisau ilə Azərbaycan arasında diplomatik münasibətlər artıq 33 ildir davam edir və son dövrlərdə bu əlaqələr daha da intensivləşib: “Qvineya-Bisau dövlət strukturlarının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri zamanı iqtisadiyyat, enerji, mülki tikinti, mühəndislik və qaz sahələrində əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunur. Bu, iki ölkə arasında tərəfdaşlığın real məzmun daşıdığını göstərir”.
Nigar Məmmədova əlavə edib ki, Xarici İşlər Nazirlikləri səviyyəsində də əlaqələr güclənib və əməkdaşlığın yeni istiqamətləri formalaşır: “Qvineya-Bisau İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycanın beynəlxalq mövqelərini daim dəstəkləyib. Bu həm siyasi münasibətlərə, həm də iqtisadi əməkdaşlığa müsbət təsir göstərir”.
Deputat vurğulayıb ki, müzakirəyə çıxarılan vizadan azad edilmə sazişi münasibətləri daha da dərinləşdirəcək: “Saziş diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizasız şəkildə qarşılıqlı səfər etməsinə imkan yaradacaq. Bu, gediş-gəlişi asanlaşdırmaqla yanaşı, iqtisadi, humanitar və siyasi əməkdaşlığın dinamizmini artıracaq”.
Nigar Məmmədova çıxışının sonunda layihənin əhəmiyyətinə toxunaraq parlamenti sənədin lehinə səs verməyə çağırıb: “Bu saziş Afrika istiqamətində həyata keçirdiyimiz balanslı və çoxşaxəli xarici siyasətin mühüm tərkib hissəsidir. Əməkdaşlığın daha səmərəli və davamlı olması üçün belə sənədlər zəruridir”.
Müzakirələrdən sonra saziş səsverməyə çıxarılıb və qəbul edilib.