“Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasət kursu Afrika dövlətləri ilə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib. Bu çərçivədə Anqola ilə münasibətlərimizin sürətli inkişafı təsadüfi deyil. 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr bu gün daha yüksək mərhələyə yüksəlib”.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisdə Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov səsləndirib.
Deputat bildirib ki, 2025-ci il dekabrın 2-də Nyu-York şəhərində imzalanan bu saziş iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Bu sənədə əsasən, hər iki ölkənin diplomatik və xidməti pasport sahibləri 90 gün müddətinə vizasız səfər etmək hüququ qazanırlar. Bu, təkcə gediş-gəlişin asanlaşdırılması deyil, həm də sosial tərəfdaşlıq, siyasi əməkdaşlıq və humanitar əlaqələrin daha da güclənməsi deməkdir”.
E.Nəsirov qeyd edib ki, saziş yalnız vizasız səfərləri tənzimləmir, eyni zamanda xüsusi hallarla bağlı mexanizmləri də nəzərdə tutur: “İctimai təhlükəsizlik, asayiş və sağlamlıqla bağlı risklər yaranacağı təqdirdə müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər. Bu isə sənədin tənzimləyici və balanslaşdırıcı xarakter daşıdığını göstərir”.
Deputat vurğulayıb ki, Azərbaycan ilə Anqola arasındakı bu addım ölkəmizin Afrika qitəsinə yönəlik əməkdaşlıq xəttinin səmərəli nəticələrindən biridir: “Afrika ilə əməkdaşlığımız sosial, iqtisadi və diplomatik sahələrdə yeni imkanlar açıb. Bu saziş həmin siyasətin məntiqi davamıdır və gələcək əlaqələr üçün möhkəm hüquqi baza yaradır”.
Çıxışının sonunda Elman Nəsirov parlament üzvlərini sənədin lehinə səs verməyə çağırıb: “Bu saziş yalnız diplomatik münasibətlərimizi deyil, həm də dövlətlərarası etimadı gücləndirir. Azərbaycanın qlobal miqyasda nüfuzunun artması fonunda belə təşəbbüslərin dəstəklənməsi vacibdir”.