Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerlərin əkin bəyanı prosesini sürətləndirmək və asanlaşdırmaq məqsədilə bölgələrdə səyyar xidmət həyata keçirir. Nazirliyin səyyar qrupları rayon və kəndlərdə fermerlərlə görüşərək əkin sahələrinin bəyan olunması, subsidiya qaydaları və Elektron Kənd Təsərrüfatı Sistemi barədə məlumat verir, həmçinin əkinlərin bəyan edilməsi ilə bağlı texniki dəstək göstərirlər. Bu sözləri SİA-nın bölgə müxbirinə açıqlaması zamanı Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fariz Şıxəliyev deyib.
O bildirib ki, səyyar xidmət fermerlərə həm vaxt qazandırır, həm də bəyanetmə zamanı yarana biləcək gecikmələrin qarşısını alır. Məqsəd hər bir fermerin dövlət dəstəyi tədbirlərindən problemsiz və tam şəkildə yararlanmasını təmin etməkdir.
“Payızlıq əkinlərlə bağlı bəyanların qəbulu dekabrın 30-da başa çatacaq. Gecikmiş və ya düzgün aparılmamış bəyanlar fermerlərin əkin subsidiyası almaq hüququnun itirilməsinə səbəb ola bilər. Vaxtında və düzgün edilən bəyanlar isə monitorinqlərin operativ keçirilməsinə və subsidiyaların 2026-cı ilin əvvəlində ödənilməsinə imkan yaradacaq. Fermerlərə səyyar qrupların xidmətlərindən fəal şəkildə yararlanmaq tövsiyə edilir”, - deyə Fariz Şıxəliyev əlavə edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikada aqrar sahənin rəqəmsallaşdırılması üzrə işləri davam etdirir. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya üçün tələb olunan avadanlıqların alınması məqsədilə açıq tender elan olunub. Sistemin 2026-cı ilin birinci rübündə istifadəyə verilməsi və subsidiya proseslərinin tam elektronlaşdırılması planlaşdırılır.