Kiyevə kütləvi hava hücumu edilir, dağıntılar var...

25 Noyabr 2025 05:12 (UTC+04:00)

Rusiya ordusu noyabrın 25-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çoxkombinasiyalı hava hücumu həyata keçirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilir. Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib.

Zərərsizləşdirilən dronlar və raketlər Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində ilkin məlumata görə, Peçersk, Dneprovsk, rayonlarının çoxmərtəbəli binalarında dağıntılar qeydə alınıb. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.

Ukrayna Energetika Nazirliyi açıqlama yayıb ki, hazırda enerji infrastrukturu obyektlərinə kütləvi kombinə edilmiş hücum davam edir. Energetiklər təhlükəsizlik vəziyyəti imkan verən kimi nəticələri qiymətləndirilməsinə və bərpa işlərinə başlayacaqlar.