“Bununla dərman və preparatların ixracı mümkün olacaq” - ŞƏRH EDİLDİ

24 Noyabr 2025 17:00 (UTC+04:00)

“Ölkəmizin yeni büdcə layihəsinin müzakirə prosesindəyik. Azərbaycan sosial dövlətdir və bu özünü göstərməkdədir. Bu dəfəki dövlət büdcəmiz əsasən qeyri-neft və qaz sektorundan gələn gəlirlərlə daha çox faizlə özünü göstərməkdədir. Bu cənab Prezident İlham Əliyevin iqtisadi siyasətində əsas vacib elementlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ölkə başçısı dəfələrlə söyləyib ki, daimi olaraq neft və qaz gəlirlərindən ibarət büdcə formalaşdırıla bilməz:

“Bu təbii ehtiyatlar azalacaq. Ona görə də biz artıq büdcəmizi qeyri-neft və qeyri-qazdan gələn gəlirlər formalaşdıracağıq. Təbii ki, iqtisadiyyatın şaxələndirilməsi, sənaye sahələrinin genişləndirilməsi, artırılması, paralel olaraq aqrar sahənin inkişafı dövlətin əsas prioritetlərindən biridir. Yerli istehsalın inkişafında hazırda dövlət bir neçə alətlərdən də istifadə edir. Bunlara güzəştli kreditlər, subsidiyalar, kiçik və orta biznesin inkişafına dövlət dəstəyi daxildir. Qeyd olunur ki, bunların hər biri zamanla artırılmalıdır və əsasən kiçik və orta biznes sahəsində fəaliyyət göstərən insanlara, şirkətlərə dövlət dəstəyi verilməlidir. Daha sonra bu dəstəkdən istifadə edərək onlar öz inkişaflarını təmin etməli, daha düzgün və məqsədyönlü şəkildə fəaliyyət göstərməli və nəticə etibarilə ümumi iqtisadi inkişafa töhfə verməlidirlər.

74 milyon manatlıq özəl investisiya hesabına qurulan yeni dərman istehsalı müəssisəsinin açılışında iştirak edən cənab Prezident İlham Əliyev də bu məsələlərə xüsusi diqqət yetirdi. Uzun müddətdir müzakirə olunan əsas məsələlərdən biri də ölkədə dərman və tibbi ləvazimatların istehsalıdır. Hazırda dərmanların əksəriyyətini xaricdən idxal edirik. Lakin artıq bu sahədə də Azərbaycan inkişaf etməyə başlayır və həmin müəssisənin yaradılması buna bariz nümunədir. Dərman istehsalı sahəsində müəssisələrin sayı artırılmalıdır. Bu çox ciddi məsələdir. Öncə daxili tələbat ödənməli, daha sonra isə keyfiyyətli məhsul istehsalı ilə ixrac imkanları da yaranmalıdır. Bu istiqamətdə potensial və siyasi iradə mövcuddur. Bu sahədə çalışan şəxslər gələcəkdə belə müəssisələr yaradaraq dərman istehsalında rəqabətə qoşulmalıdırlar. Beləliklə, həm daxili bazarı təmin etməklə yanaşı, istehsal genişləndirilərək dərman və preparatların ixracı da mümkün olacaq.

Bu, çox vacib məsələdir və artıq cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə bir neçə sənaye müəssisəsi formalaşıb. Gələcəkdə sənaye şəhərciklərində daha çox zavod və fabriklərin yerləşməsi, istehsal sahələrinin artması ölkə iqtisadiyyatına ciddi təkan verə və inkişafı sürətləndirə bilər. Əsas məsələ gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə iqtisadiyyatın inkişafına böyük təkan verilə bilər”.