Dövlət qurumları yaşayış binalarında təhlükəsizlik tədbirlərini hansı səviyyədə görürlər ? - SORĞU

24 Noyabr 2025 16:50 (UTC+04:00)

Bir neçə gün əvvəl Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfərin ölməsi, onlarla insanın yaralanması ilə nəticələnən faciə və bu gün Nərimanovda baş verən partlayışda bir neçə nəfərin yaralanması ilə nəticələnən faciə ağıllara bir sualı gətirir. FHN, Azəriqaz, Azərişıq və digər dövlət qurumları binalarda təhlükəsizliklə bağlı yoxlamalar həyata keçirirmi? SİA bu barədə şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Könül Cəfərzadə: “Düşünmürəm ki, dövlət qurumları öz işlərini görmür. Çünki mən öz yaşadığım binadan misal olaraq deyə bilərəm ki, mənim yaşadığım binada dövlət qurumları tez-tez yoxlamalar həyata keçirirlər. Bu yaxınlarda “Azəriqaz“ gəldi qaz sayağacını dəyişdi. Dövlət qurumları mənim yaşadığım binada yoxlamalar aparırlarsa, deməli bütün binalarda yoxlamalar aparırlar. Yasamal rayonu və Nərimanov rayonunda baş vermiş faciəyə gəlincə isə bu cür faciələr dünyanın hər yerində ola bilər”.

Şəhər sakini Samir Abdullayev: “Mən Bakıxanov qəsəbəsində yaşayıram. Mənim yaşadığım binanı dövlət qurumları tez-tez yoxlayırlar. Yəni hər hansısa bir problem yoxdur. Faciəvi hadisə ilə bağlı onu deyə bilərəm ki, təbii ki, ağır faciədir. Bu cür faciələrdən heç bir ölkə sığortalanmayıb”.

Şəhər sakini Fərid Bayramov: “Məlum faciə təbii ki, xoşagələn hal deyil. Yəni indiki dövrdə heç nədən 3 nəfər həyatını itirdi. Bakı Şəhər İcra Hakimiyyəti, Fövqaladə Hallar Nazirliyi və “Azəriqaz“ kimi dövlət qurumları bu cür faciələrin baş verməsinə görə birbaşa məsuliyyət daşıyırlar. Çünki onlar bu cür faciələrin baş verməməsi üçün təhlükəsizlik tədbirləri görməli idilər”.

Şəhər sakini İsmayıl İsmayılov: "Bu günkü günü dövlətimin yanındayam və atdığı bütün addımların dəstəkləyirəm. Eyni zamanda FHN vaxtı-vaxtında baxışların keçirilməsi, təhlükəsizliyin təmin olunmasına hər bir halda çalışırlar. İndi hər hansı bir yerdə bir bədbəxt hadisə olursa bu vətəndaşın səhlənkarlığı nəticəsində ola bilər. Dövlət hər bir anda bizim yanımızdadır".

Şəhər sakini Fərhad Seyfulla: " Düşünürəm ki, bu partlayışların baş verməsi institusional səviyyədə, idarəetmə ilə praktik tədbirlərin üst -üstə düşməməsi ilə bağlıdır. Bizim kimi ikinci dünya ölkələrində və post sovet ölkələrində ictimai nəzarət mexanizimləri zəif olduğu üçün çox vaxt belə hallar baş verir . Bu yalnız qurumlardan getmir, insanlarda müəyyən qədər təhlükəsizlik məsələlərlə bağlı çox yumuşaldılıb, öyrəşiblər. Belə olduqdada bu hallar tez-tez baş verir. Ümumilikdə sistemdən danışanda burda kağız üzərində moderinlik deyilir. Moderinlik praktikada görünmür həqiqətən bu qanunla bəlkədə tənzimlənirsə də bunu praktikada görmürük".

Şəhər sakini İsfəndiyar Hüseynli: "Bədbəxt hadisələrin baş verməməsi üçün dövlət qurumları müntəzəm olaraq yoxlamalar aparmalıdır. Hər kəs öz səlahiyyətin yerinə yetirsə, bu hadisələr baş verməz. Belə bir misal deyim. Mən 9-cu mərtəbədə qalıram aşağıda da restoran tikiblər. İki dəfə orda yanğın olub. Mən istəmirəm ki, yüksək mərtəbəli binaların altında restoranlar olsun. Varsa belə hər ay yoxlanış olunsun və lazımi tədbirlər görülsün".

Müəllif: İlkin Məmmədkərimov