“Xarakterin təşəkkülü sosial mühitin və ailə faktorunun təsiri altında baş verir“ - PSİXOLOQ

24 Noyabr 2025 16:15 (UTC+04:00)

Ailə cəmiyyətin ən kiçik, lakin ən təsirli sosial institutudur. Uşağın şəxsiyyət kimi formalaşması, daxili dünyası, davranış tərzi və həyata baxışı ilk növbədə valideynlərlə qurduğu münasibətlər üzərində formalaşır. Bu səbəbdən valideyn - övlad münasibətlərinin sağlam təməllər üzərində qurulması xüsusi əhəmiyyət daşıyır.

İlk növbədə bu münasibətlər qarşılıqlı sevgi, hörmət və etimad üzərində qurulmalıdır. Uşaq özünü ailədə dəyərli, anlaşılmış və qəbul olunmuş hiss etməlidir. Valideyn yalnız nəzarət edən deyil, eyni zamanda dinləyən, anlayan və dəstək olan bir fiqur olmalıdır. Bu, uşağın özünəinamının formalaşmasına və emosional sabitliyinə müsbət təsir göstərir.

Sağlam münasibətlərin əsas şərtlərindən biri effektiv ünsiyyətdir. Valideyn uşağı sadəcə tənqid etmək deyil, onun fikirlərinə diqqətlə yanaşmalı, hisslərini ifadə etməsinə şərait yaratmalıdır. Uşağın səhvlərinə qarşı aqressiv reaksiya əvəzinə izahlı və səbirli yanaşma tətbiq edilməlidir.

Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova SİA-ya fikirlərini bölüşüb:

“Hər bir fərd dünyaya müəyyən temperament tipi ilə gəlir, lakin onun xarakteri və şəxsiyyəti doğuş anında formalaşmış şəkildə mövcud olmur. Xarakterin təşəkkülü zamanla, sosial mühitin və xüsusilə ailə faktorunun təsiri altında baş verir. Bu baxımdan valideynlərin üzərinə böyük məsuliyyət düşür, çünki uşağın ilk sosiallaşdığı və davranış modellərini mənimsədiyi mühit məhz ailədir.

Uşaqlar müxtəlif ailə strukturlarında - tam, natamam və ya mürəkkəb ailələrdə böyüyürlər. Atanın, ananın, nənə-babanın, digər qohumların iştirakı ilə formalaşan bu mühitlər uşağın tərbiyəsinə və psixoloji inkişafına fərqli təsirlər göstərir. Bəzi hallarda valideynlər uşaqlar arasında cinsinə və ya sayına görə fərq qoyur, bu isə tərbiyə prosesində boşluqların yaranmasına və emosional disbalansa səbəb olur.

Valideynlərin iş həyatı ilə həddindən artıq məşğul olması da uşağın şəxsiyyət kimi formalaşmasında çətinliklər yarada bilər. Bu zaman valideynlər uşağın daxili dünyasını və ehtiyaclarını düzgün dəyərləndirməkdə çətinlik çəkir, uşaq isə ətraf mühitin təsiri altına daha tez düşür və davranış modellərini əsasən oradan mənimsəyir. Halbuki uşağın tərbiyəsinin əsas mənbəyi ailə olmalıdır.

Uşağın psixoloji inkişafında genetik faktorlar mühüm rol oynasa da, sağlam psixikanın formalaşması əsasən ailə mühitinin sağlamlığı ilə birbaşa bağlıdır. Nevrotik, konfliktli və gərgin ailə mühitlərində böyüyən uşaqlarda psixoloji tarazlığın pozulması halları daha çox müşahidə olunur. Belə şəraitdə nə sağlam psixikadan, nə də harmonik şəxsiyyət inkişafından danışmaq mümkündür.

Valideynlərin əsas vəzifəsi uşağın psixoloji inkişafını dəstəkləmək, ona uyğun davranış modelləri formalaşdırmaq və həyatla sağlam əlaqə qurmasına kömək etməkdir. Bu proses körpəlik dövründən başlayaraq məktəbəqədər və məktəb mərhələlərində daha qabarıq şəkildə özünü göstərir. Valideyn uşağa həm pedaqoji, həm də psixoloji aspektdən yanaşmalı, yalnız akademik biliklərə deyil, emosional və sosial inkişafına da diqqət yetirməlidir.

Yalnız dərslərində uğurlu olan, lakin emosional baxımdan zəif və etik davranış normalarını mənimsəməmiş uşaqların yetişməsi valideynlərin psixoloji tərbiyəni diqqətdən kənarda qoymasının nəticəsi ola bilər. Sağlam şəxsiyyətin formalaşması valideynlə uşaq arasında qurulan düzgün ünsiyyət və qarşılıqlı anlayış mühitində baş verir.

Uşağın idrak prosesi yaşa uyğun olaraq mərhələli şəkildə inkişaf edir. Duyğu, qavrayış, təfəkkür, təxəyyül, nitq, diqqət və qabiliyyət kimi psixoloji funksiyalar zamanla zənginləşir. Təəssüf ki, bir çox valideyn bu inkişaf mərhələləri haqqında kifayət qədər məlumatlı olmur, bu isə uşağın davranışlarının düzgün anlaşılmamasına səbəb olur.

Uşağın dünyagörüşü və həyata baxışı ilk növbədə valideynlərin ona ötürdüyü məlumat və yaratdığı tərbiyəvi mühitlə sıx əlaqədardır. Elmi əsaslara söykənən, sağlam və balanslı tərbiyə mühiti uşağın sosial münasibətləri düzgün mənimsəyərək cəmiyyətə adaptasiya olunmuş, özünü tanıyan və inkişaf etdirən bir şəxsiyyət kimi formalaşmasını təmin edir”.

Günay Hacıyeva