"Yeni dərman müəssisələri ölkə iqtisadiyyatını gücləndirir" - MÖVQE BİLDİRİLDİ

24 Noyabr 2025 16:13 (UTC+04:00)

"Dərman istehsalı sahəsində dövlət uzun müddətdir ki, Pirallahı Azad Sənaye Zonasında və digər istiqamətlərdə özəl sektorun bu sahəyə təşviq olunması üçün mühüm addımlar atır. Xüsusilə Bakının infrastrukturuna yaxın Hökməlidə dünyanın inkişaf etmiş və dərman sənayesində söz sahibi olan Macarıstanın qabaqcıl dərman preparatları istehsal edən müəssisəsinin – Avropanın tanınmış şirkətlərindən birinin – Azərbaycanda dərman fabriki açması çox mühüm addımdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: "İcbari tibbi sığortanın tətbiqi və bu ildən başlayaraq, gələcək illərdə daha da yüksələn xətt üzrə ambulator dərman preparatları ilə təminatın həmin sığorta çərçivəsində qarşılanacağını nəzərə alsaq, ölkənin öz dərman istehsalı müəssisələrinin olması strateji baxımdan böyük əhəmiyyət daşıyır. Bu, həm idxaldan asılılığın azalmasına, həm də əhalinin dərmanlara daha əlçatan və münasib qiymətlə çıxışına imkan yaradacaq.

Bundan başqa, əczaçılıq müəssisəsi çox böyük kadr potensialı tələb edir. Burada kimya sənayesi istiqamətində hazırlanmış mütəxəssislər, əczaçılar, tibb işçiləri və bir-birini tamamlayan digər sahələrin nümayəndələri üçün geniş imkanlar yaranacaq, eləcə də həmin sahələrin böyük bir hissəsinin inkişafı müşahidə olunacaq. Bununla yanaşı, yeni kadrların hazırlanması, xüsusən də tibbin əczaçılıq sahəsində istehsal yönümlü mütəxəssislərin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Qarşıdakı 5–10 il ərzində bu cür kadrların yetişməsinin və yeni istehsal sahələrinin açılmasının şahidi olacağıq.

Bu, mühüm bir addımdır və xüsusən dünya standartlarına uyğun preparatlar istehsal edən müəssisənin Azərbaycanda fəaliyyət göstərməsi yaxın zamanda daha böyük nailiyyətlərin əldə olunacağını göstərir".