İctimai rəy cəmiyyət üzvlərinin sosial, siyasi, mədəni və iqtisadi hadisələrə münasibətinin ümumi ifadəsidir. Bu rəyin formalaşmasında ən təsirli vasitələrdən biri mediadır. Kütləvi informasiya vasitələri cəmiyyətin informasiya mənbəyi olmaqla yanaşı, insanların düşüncə tərzinin, mövqelərinin və dəyərlər sisteminin istiqamətləndirilməsində mühüm rol oynayır.
Media yalnız məlumat vermir, eyni zamanda onu şərh edir və çərçivələndirir. Verilən xəbərin tonu, istifadə olunan dil, vizual materiallar və kontekst ictimai rəyə birbaşa təsir göstərir. Bu baxımdan media hadisələrin obyektiv və ya subyektiv təqdimatı ilə cəmiyyətin emosional reaksiyasını istiqamətləndirə bilir.
Məsələ ilə bağlı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli SİA-ya fikirlərini bölüşüb: “Media sadəcə informasiya ötürən texniki vasitə deyil, həm də insanların dünyagörüşünü, qərar qəbuletmə davranışını, sosial və siyasi proseslərə münasibətini yönləndirən mühüm institutdur. Media subyektləri, jurnalistlər ictimai rəyin hadisələrə baxış bucağını müəyyənləşdirir, gündəlik mövzuların prioritetlərini formalaşdırır, cəmiyyətdə hansı məsələlərin vacib hesab edildiyini təyin edir. Bu baxımdan müasir cəmiyyətlərdə ictimai rəyin formalaşdırılmasında medianın rolu həlledici sayılır.
Medianın ictimai rəyə təsiri bir neçə istiqamət üzrə gerçəkləşir. İlk olaraq, “gündəm quruculuğu” funksiyası nəzərə çarpır. Media cəmiyyətdə ən çox müzakirə olunan mövzuları ön plana çıxarır və insanların diqqətini həmin məqamlara yönəldir. Hansı mövzunun önəmli, hansının isə ikinci dərəcəli olması çox zaman media tərəfindən formalaşdırılan gündəmdən asılı olur.
İkinci istiqamət budur ki, media hər hansı hadisə barədə yalnız məlumat vermir, həm də onu müəyyən çərçivəyə salır, interpretasiya edir. Hadisənin təqdimat forması, terminologiya seçimi, vurğulanan və gizlədilən detallar ictimai rəyin formalaşmasına birbaşa təsir göstərir.
İctimai nəzarət və maarifləndirmə funksiyası da bu istiqamətlərin sırasına daxildir. Media vətəndaşların məlumatlanma səviyyəsini artıraraq onların daha şüurlu qərarlar verməsinə şərait yaradır.
Bəzən deyirlər ki, yeni media alətlərinin çoxalması, sosial şəbəkələrin inkişafı medianın təsir gücünü azaldır. Artıq ictimai rəy yalnız peşəkar KİV tərəfindən deyil, istifadəçilər tərəfindən yaradılan kontent vasitəsilə də formalaşır. Mənim fikrim isə budur ki, əksinə, sosial şəbəkələrin inkişafı, yeni media alətlərinin çoxalması, əksinə, peşəkar medianın qiymətini daha dərindən göstərir. Çünki, sosial media cəmiyyət üçün geniş informasiya mübadiləsi imkanları açdığı kimi, həm də yanlış məlumatlanma çoxalması risklərini artırır. Hansı ki, ictimai rəy doğru, düzgün, obyektiv informasiyaya ehtiyac duyur. Bu baxımdan, rəqəmsal dövrdə peşəkar medianın məsuliyyəti daha da böyüyür. Yekun olaraq deyə bilərəm ki, peşəkar media ictimai rəyin hazırlanmasında strateji rol oynayan, cəmiyyətin informasiya arxitekturasını formalaşdıran əsas institutdur. Onun obyektivliyi, peşəkarlığı və etik davranışı ictimai rəyin sağlam, balanslı və adekvat şəkildə formalaşmasının başlıca şərtləridir”.
Günay Hacıyeva