"Şuşa şəhərində keçirilən Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu iki ölkə arasında formalaşmış strateji müttəfiqliyin daha dərin və institusional bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu tədbir təkcə elmi-analitik dairələrin toplantısı deyil, regionun gələcək inteqrasiya xəritəsini müəyyən edə biləcək intellektual platforma kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, forumun məhz Şuşada təşkil olunması Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həm regional, həm də beynəlxalq auditoriyaya göstərən simvolik addımdır: "Şuşa həm qələbənin rəmzi, həm də yeni strateji vizyonun mərkəzidir. Bu fonda Azərbaycan və Türkiyə beyin mərkəzlərinin bir araya gəlməsi iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahəsində koordinasiyasının daha sistemli şəkildə aparılmasına imkan yaradır. Forum çərçivəsində xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya gündəmini əhatə edən panel müzakirələri xüsusilə önəmlidir. Çünki hazırkı geosiyasi şəraitdə qərarverici strukturların elmi-analitik mərkəzlərlə sıx əməkdaşlığı həm risklərin daha dəqiq qiymətləndirilməsinə, həm də daha çevik və rasional siyasətlərin formalaşmasına şərait yaradır.
Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın gücləndirilməsi gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından mühüm rol oynayacaq. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Türk dünyası üçün strateji önəm daşıyır. Yeni kommunikasiya və nəqliyyat layihələrinin genişlənməsi, regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşməsi kimi proseslərdə beyin mərkəzlərinin analitik dəstəyi xüsusi əhəmiyyət kəsb edir.
Nəticə olaraq, politoloq hesab edir ki, Birinci Şuşa Forumu Azərbaycan–Türkiyə münasibətlərində intellektual diplomatiyanın möhkəmlənməsi, ortaq strateji baxışın formalaşması və regionda davamlı əməkdaşlıq modelinin qurulması baxımından tarixi təşəbbüsdür. Bu forum gələcəkdə iki ölkə arasında daha genişmiqyaslı elmi-siyasi əməkdaşlığın əsasını qoya bilər".