Bir zamanlar sosial şəbəkələr sadəcə ünsiyyət üçün idi. Dostlarımızla danışır, şəkillər paylaşır, gündəlik həyatımızdan kiçik anları işıqlandırırdıq. Bu gün isə həmin platformalar rəngli şəkillərin, cazibədar sözlərin və “möcüzəvi məhsulların” bazarına çevrilib. Bu bazarda isə ən çox satılan şey – ümiddir.
“3 günə 10 kilo verin”, “Bu krem 1 həftəyə sizi 10 yaş cavan göstərəcək”, “Evə oturduğun yerdən ayda 3000 manat qazanın”… Bu cür cümlələr artıq o qədər adi hal alıb ki, insanlar bəzən düşünmədən, araşdırmadan inanır. Çünki insan ümid etməyə möhtacdır. Çünki hər kəs daha gözəl, daha varlı, daha uğurlu olmaq istəyir.
Amma bu rəngli sözlərin arxasında çox vaxt reallıq yox, tələlər gizlənir.
Saxta reklam – insanların psixoloji zəif nöqtələrindən bəhrələnən, qorxu və komplekslər üzərindən qazanc əldə edən bir manipulyasiya formasıdır. Xüsusilə gənclər və maddi imkanı məhdud olan insanlar bu tələyə daha tez düşür. Bir anlıq xoşbəxtlik xəyalları ilə verilən pul, sonradan acı bir peşmanlıq olaraq geri dönür.
Ən ağrılı tərəfi isə odur ki, bu reklamlar təkcə cüzdanımıza yox, özünəinamımıza da zərbə vurur. Aldanmış insan özünü axmaq hiss edir, utanır, başqalarına danışmağa çəkinir. Sanki günahkar özüymüş kimi susur. Halbuki günah onu aldadandadır, yalanı normallaşdıranda, saxtanı gözəlləşdirəndədir.
Bəzən bir ana övladının dərdinə çarə tapmaq üçün saxta “möcüzə dərman” alır. Bəzən bir gənc artıq çəkidən qurtulmaq ümidi ilə tanımadığı səhifəyə son pulunu göndərir. Bəzən isə evinin ehtiyacını ödəmək istəyən biri “asan qazanc” vədiylə borca düşür. Hər bir hekayə arxasında bir insanın sarsılan inamı, qırılan arzusu dayanır.
Sosial şəbəkələr bizə seçim azadlığı verir, amma bu azadlıq məsuliyyətsizliklə birləşəndə təhlükəyə çevrilir. İzlədiyimiz hər reklam, oxuduğumuz hər şərh, gördüyümüz hər “öncə-sonra” şəkli bizə təsir edir. Zamanla biz fərqinə varmadan saxtaya alışırıq, yalanı gerçək kimi qəbul etməyə başlayırıq.
Bəlkə də problem təkcə saxta reklamlar deyil. Problem odur ki, biz bu saxtakarlığa göz yumuruq. Hesabat vermirik, ifşa etmirik, susuruq. Susduqca isə bu ticarət daha da böyüyür, daha da güclənir.
Unutmamalıyıq ki, hər parlaq şəkil həqiqət deyil. Hər gülümsəyən “məmnun müştəri” real insan olmaya bilər. Və hər “təcili fürsət” həqiqətən fürsət demək deyil.
Sosial şəbəkələrdə gördüyümüz hər şeyi yox, süzgəcdən keçirdiyimizi qəbul etməliyik. Çünki bu gün aldadılan başqasıdırsa, sabah bu, biz ola bilərik. Ən təhlükəlisi isə ümidin pula çevrildiyi bir dünyada insanlığın dəyərini itirməsidir.
Saxta reklamlar sadəcə məhsul satmır. Onlar insanların arzularını, qorxularını və saf inamını istismar edir. Bəlkə də ən çox satılan məhsul insanın öz sadəlövhlüyüdür.
Günay Hacıyeva