"Azərbaycanla Türkiyə arasında müxtəlif müstəvilərdə əməkdaşlıq mövcuddur: siyasi, mədəni, elmi, hərbi sahələrlə yanaşı, indi də beyin mərkəzləri səviyyəsində əməkdaşlıq yeni bir mərhələyə keçməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, regionda dəyişən geosiyasi şərtlər, təhlükəsizlik çağırışları və bu istiqamətdə analitik biliklərin mübadiləsi, məlumatların paylaşılması hər iki ölkənin beyin mərkəzləri arasında sıx əməkdaşlığı zəruri edir: "Bu əməkdaşlıq yeni tədqiqatların, təhlillərin ortaya qoyulması və qərarverici strukturlar üçün düzgün istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Beyin mərkəzləri, bəzən konfidensial xarakterli məlumatlar üzərində işləsələr də, ictimaiyyətlə bölüşülə bilən analizlər, hüququn üstünlüyü və tərəfdaşlıqlar haqqında hesabatlarla həm Azərbaycanda, həm də Türkiyədə qəbul olunan siyasətlərin elmi və strateji əsaslarını formalaşdırırlar.
Bu əməkdaşlıq onu göstərir ki, iki ölkə müxtəlif sahələrdə olduğu kimi, strateji düşüncə və analitik istiqamətdə də eyni məqsədlə hərəkət edir. Artıq Azərbaycan və Türkiyənin beyin mərkəzləri Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri dəqiq qiymətləndirir və hökumətlərə təqdim etdikləri hesabatlar vasitəsilə gələcək risklərin qarşısının alınmasına töhfə verirlər".