Paytaxtın Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ keçirməsi barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Faniz Səfərov saxlanılıb. Onun obyektdən əldə etdiyi pulları hadisədən sonra necə sayması da təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.
Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqramdan artıq marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. O, verdiyi ifadədə taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən götürdüyünü və çoxsaylı bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.