Uşaqlarda erkən cinsi "oyanma"ya düzgün ailə yanaşması

24 Noyabr 2025 14:02 (UTC+04:00)

“Valideynləri ən çox panikaya salan mövzulardan biri də uşaqlarda baş verən erkən cinsi oyanma ilə bağlıdır. Valideynlərdən bu məslələrlə bağlı, məsələn: “Uşağımın 4 yaşı var. Paltarımı dəyişəndə gəlib baxmaq istəyir, otaqdan çıxmır. Bu hal məni narahat edir, nə edim?” və ya “ Övladımın 5 yaşı var. Cinsiyyətə maraq göstərir, bununla bağlı suallar verir. Nə edim?” bu kimi sual ünvanlanır. Ancaq bildirmək lazımdır ki, bu cinsi oyanma kimi deyil, cinsiyyətini dərketmə dövrü saymaq olar. Belə ki, 3 yaşında artıq uşaqlarda “mən” formalaşır. Yəni, özünü, bədənini və bədən üzvlərini tanımağa başlayır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, bədənin tam formalaşmağı isə 7 yaşa qədər artıq bitir. Yəni, uşaqlarda 3 yaşda “mən bütünəm” və “cinsiyyət orqanım da mənimdir” anlamağa başlayır. Bunu “tərbiyəsizlik”,”erkən cinsi oyanma” kimi qəbul etmək düzgün deyil. Çünki uşağın cinsiyyətini kəşf etdiyi dövrdə belə maraqlanması, suallar verməsi və s. təbiidir. Yanlış olan valideynin uşağın yanında yarıçılpaq şəkildə paltarını dəyişməsi və ya uşaqla birlikdə çimməsidir. Uşaq ana-atanı və ya bacı-qardaşı paltarsız görməməlidir. Ortada mütləq məhrəmiyyət mövzusu olmalıdır və “uşaqdır”, “balacadır” deyib keçmək olmaz. Əksinə olduqda bu zaman uşaqlarda cinsəlliyə qarşı maraq artır. Valideynlər cinsəllik və məhrəmiyyət anlayışını ayırd etməlidir. Uşağın maraq göstərməsi təbii haldır, ancaq bu normadan çox olarsa, demək ki, bunlar bu şəkildə nümayiş olunur.

Eyni zamanda Y.Əsgərova qeyd edib ki, bir çox hallarda isə cinsi kimliyini anlayan dönəmdə uşaqlar valideynləri və ya digər böyüklər tərəfindən qorxudulur. Belə olduqda uşaqlar cinsiyyət və onunla bağlı məsələlərin “yanlış”,”tərbiyəsiz” bir şey kimi olduğunu başa düşürlər. Bu da təbii ki, düzgün deyil. Belə uşaqlarda cinsiyyət ayıblandığı, onunla bağlı şeylər “pis” olduğu deyildiyi üçün irəli yaşlarda qızlarda vaginizim, oğlanlarda müəyyən cinsi problemlər, cinsi istəksizlik və s. müşahidə oluna bilir.

“Qeyd etdiyimiz kimi, bu maraq 7 yaşına qədər davam edə bilər. Artıq bu yaşdan sonra öz bədənini tanıyan və qəbul edən uşaqda maraq azalmağa başlayacaq. Əgər 7 yaşdan sonra da bu hallar ciddi davam edərsə, demək ki, cinsi kimliyi formalaşmayıb. Belə olan halda peşəkar psixoloq dəstəyi alıb bu problemi aradan qaldırmaq lazımdır”, - deyə psixoloq bildirib.

Afət Tahirqızı