Parlamentin iki komitəsi birgə iclası keçirilib

24 Noyabr 2025 14:04 (UTC+04:00)

Noyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin onlayn formatda birgə iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın gündəliyinə bir məsələnin - İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini deyib.

İclasda mənəvi dəyərlərin qorunması, gənclərin zərərli kontentdən müdafiəsi və internet mühitində məsuliyyət mexanizmlərinin dəqiqləşdirilməsi üçün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yarandığı bildirilib. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsi barədə fikirlərini bildirib, onun cəmiyyətdə narazılığa səbəb olan neqativ halların qarşısını almağa təkan verəcəyini diqqətə çatdırıblar.

Qanun layihəsinin müzakirəsində çıxış edən deputatlar layihə ilə bağlı fikirlərini bildirib, qeyd və təkliflərini səsləndiriblər.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.