“Dərman istehsalı Azərbaycanın iqtisadi gücünü və sosial rifahını daha da möhkəmləndirir” - ŞƏRH EDİLDİ

24 Noyabr 2025 13:47 (UTC+04:00)

"Prezident İlham Əliyev ötən həftə dərman preparatları müəssisəsinin açılışını etdi. Bakıda Hökməli qəsəbəsində yerləşən böyük müəssisədə bu açılış baş tutdu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, düşünürük ki, bu açılış da ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan növbəti addımdır və əlbəttə ki, insanlarımızın sosial müdafiəsinin təmin olunması və gücləndirilməsi baxımından, onların sağlamlığının qorunması, dərman preparatlarının əlçatan olması çox əhəmiyyətlidir: "Bu, dövlətin əsas prinsipial siyasət istiqamətlərindən biridir. Azərbaycan artıq iqtisadiyyatın müxtəlif sahələrində öz brendini yaratmış bir ölkədir. Bu gün dünyada “Azərbaycan brendi” altında, “Azərbaycan markası” ilə istehsal olunan çox sayda sənaye və iqtisadi məhsullar mövcuddur ki, dərman preparatları da onların sırasına daxildir. Bu sahədə Azərbaycanın artıq öz potensialını ortaya qoyması həm Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir, həm də dünya ölkələri ilə rəqabətə girə biləcək bir mövqedə olduğunu göstərir.

Eyni zamanda, ölkə daxilində dərman bazarında rəqabəti artırır. Bu da xarici ölkələrdən asılılığın azalması deməkdir. Azərbaycan dərman istehsalı sahəsində dünya iqtisadiyyatına daxil olduğu kimi, daxildə də vətəndaşlara daha münasib və əlçatan qiymətlərlə dərman təqdim olunmasına imkan yaradır. Bu isə həm iqtisadiyyatın gücləndirilməsi, həm də sosial rifahın yüksəldilməsi baxımından mühüm bir addımdır".