Azərbaycan Bratislavadakı xeyriyyə bazarında təmsil olunub

24 Noyabr 2025 13:39 (UTC+04:00)

Azərbaycanın Slovakiyadakı səfirliyi Bratislava şəhəri meriyasının himayədarlığı altında Bratislava Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə keçirilmiş 31-ci Xeyriyyə Milad Bazarında iştirak edib. SİA xəbər verir ki, xeyriyyə bazarına 30 ölkənin diplomatik nümayəndəlikləri, Bratislavadakı beynəlxalq təhsil müəssisələri və xeyriyyə təşkilatları qatılıb. Tədbirdə müxtəlif xalqların özünəməxsus mətbəx nümunələri, orijinal suvenirlər, əl işləri təqdim edilib, xalq rəqsləri və mahnılardan ibarət konsert proqramı təşkil olunub.

Xeyriyyə tədbirindəki Azərbaycan stendində təqdim olunmuş milli suvenirlər, Azərbaycan şirkətlərinin istehsalı olan müxtəlif çeşidli mürəbbələr və çay növləri, paxlava və şəkərbura, xüsusilə də milli kəlağayılar və nar şərabları ziyarətçilərin xüsusi marağına səbəb olub.

Slovakiyanın “TASR” Dövlət Xəbərlər Agentliyi və digər mətbuat orqanları xeyriyyə bazarından, o cümlədən Azərbaycan guşəsindən reportajlar hazırlayıb, səfir Vüsal Abdullayev Azərbaycan guşəsi, ölkəmizin mədəniyyəti və tədbirdə təqdim olunan məhsullarımızla bağlı müsahibə verib.