"Azərbaycan Respublikası qanunvericiliyində valideynin uşaqdan imtinası nəzərdə tutulmamışdır. Bununla belə, valideyn hüquqlarından məhrumetmə mövcuddur ki, buna səbəb olan hallar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Elnur Məmmədov deyib.
Onun sözlərinə görə, valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsi olduqda, uşaqların sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə, həmçinin uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideyinlik hüquqlarından məhrum edilə bilər:
"Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Belə ki, valideynlərdən birinin ərizəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin belə bir müraciəti olarsa, məhkəmə valideyn hüquqlarından məhrumetmə işinə onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının iştirakı da təmin edilməlidir. Valideynlik hüquqlarından məhrum edilmiş valideyinlər uşağa münasibətdə bütün hüquqlarını da itirsələr də, onların uşalqarı saxlamaq vəzifəsi qalır. Valideynlik hüquqlarının valideyinlərin öz razılığı ilə itirləməsi yalnız bir halda mümkündür ki, bu da uşağın digər şəxslərə övladlığa verilməsi ilə bağlıdır. Ailə Məcəlləsinin 122-ci maddəsinə əgər valideyinlər öz hüquqlarından məhrum edilməmişdirsə, o zaman onların uşaqlarının digər şəxslərin övladlığına verilməsi valideynlərin razılığı ilə mümkündür. Övladlığa götürülmə də məhkəmə qaydasında həll olunur və öz övladını başqa şəxsin övladlığına verməyə razılıq vermiş şəxs məhkəmə qətnaməsi qəbul olunana qədər bu razılıqdan imtina edə bilər. Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra razılıq vermiş şəxslər valideynlik hüquqlarını itirmiş olur".